“Bircə, haqqımıza girilməsin, ayrı-seçkilik edilməsin...”

"Neftçi"nin ilk xanım fan-klubu "Ladies of Neftchi" yarandığı gündən bu yana adından söz etdirməyi bacarıb. Qısa vaxtda futbol ictimaiyyətində, xüsusən də ağ-qaraların azarkeşləri arasında böyük marağa səbəb olan bu fan-klub haqqında bir sıra məqamlar diqqət çəkir.

 "Ladies of Neftchi"yə alternativ yaradılan fan-klublardan birinin iddiası isə daha diqqətçəkicidir. "Neftchigirls" adı altında fəaliyyət göstərən fan-klubun iddiasına görə "Ladies of Neftchi"nin ideya müəllifi və təsisçisi Ürfan Məmmədli "Qarabağ" azarkeşidir.

 

Məhz bu səbəbdən Ürfan Məmmədli ilə həmsöhbət olub fikirlərini öyrəndik.

 

- Ürfan bəy, ilk olaraq sizi " Ladies of Neftchi" fan-klubunun yaradılması münasibətilə təbrik edirik və fəaliyyətinizdə uğurlar arzulayırıq. İlk sualımız isə bu dəqiqə aktual olan məsələ ilə bağlıdır. "Neftçi" azarkeşi olmadığınıza dair irəli sürülən fikirlərə münasibətiniz necədir?

 

- Bu iddianı eşidəndə həm təəccübləndim, həm də güldüm. Çünki belə bir ehtimal olsa belə, bu "Qarabağ" ola bilməzdi. Onlar Azərbaycan Premyer Liqasında əsas rəqibimizdir.

 

 - O zaman "Neftçi" azarkeşi olduğunuzu etiraf edirsiz...

 

- Bəli, “Neftçi” azarkeşiyem. Bir qədər əvvəlki iddiaya qayıdaq. Həmin fikir başdan-ayağa yalnışdır. "Neftçi" azarkeşi deyiləmsə, niyə bu kluba fan-klub yaradım?! Mən 1997-ci ildən "Flaqman"nın azarkeşiyem. "Neftçi"nin 3-cü çempionluq ilindən bəri. Ailəmizdə də sevilən komanda məhz "Neftçi" olub. Hətta mən düşünürəm ki, bir çoxları bunu dansalar da, hamının qəlbində "Neftçi" sevgisi var. “Birlik Kuboku”nda Ermənistan klubu üzərində qələbə hansı azərbaycanlını sevindirməyib?! Bax belə nəticələr bu sevgiləri artırıb. Bir sözlə, mənim ağ-qara sevdamın 20 illik tarixi var.

 

- O zaman bu iddianın ortaya çıxmasına səbəb nədir?

 

 - Mən düşünürəm ki, bu yalnış anlaşılmadır. 2015-ci ildən bəri komandamızın xanım fan-klubunu yaratmaq fikrim var idi. Sadəcə bəzi şəxsi məsələlərlə əlaqədar bunu reallaşdıra bilmədim. Qismət indiyə imiş. Bildiyiniz kimi Azərbaycanda ilk xanım fan-klub "Ladies of Qarabağ"dır. Həmin fan-klubun rəhbəri Vasif Acalovla təqribən 2 il əvvəl bir razılığımız oldu. "Neftçi" üçün də xanım azarkeş qrupu yaratmaq istədiyimi bildirdim.

 

- Bu yerdə sözünüzü kəsib bir sual verəcəm. Bəlkə də bir çox narazılıqların mənbəyi də elə budur. Niyə məhz "Ladies of"?

 

- Bu haqda bir çox yaxınlarımızla müzakirələrimiz olub. Fan-klubumuza rəhbər təyin olunan Xəyalə Şahlarlı ilə də çox mübahisə etmişik. "Ladies of" bir layihədir. Azərbaycanın futbol ənənəsi olan bir çox şəhərləri var. Həmin komandalar üçün də belə bir adla fan-klub yaradılmasını istəyirik. Məsələn, Sumqayıtda, Gəncədə futbolun nə qədər sevildiyini çox yaxşı bilirsiniz. Niyə də onların xanım fan-klubları olmasın? Elə "Ladies of" adı ilə yaransın, buna yalnız sevinə bilərik. Və bütün bu atılan addımların bir məqsədi var: klubların azarkeşlər qrupunu vahid mərkəzdə birləşdirmək. Söhbət "Ladies of Azerbaijan"dan gedir. Artıq bu fan-klub da bir neçə gündür fəalliyyətə başlayıb. Dəyirli həmkarımız Nərmin Allahverdiyeva (Nərmin Can) hazırda bu işi öhtəsinə götürüb.

 

- Gəncənin adını çəkdiniz, amma "Kəpəz" Premyer Liqanı tərk edib. Yaranması nə dərəcədə doğrudur?

 

- Bu bir arzudur, bu bir istəkdir. Üstəlik, "Kəpəz"in aşağı dəstədə çox qalacağına inanmıram. Gəncədə futbolu çox sevirlər. Bu şəhərdəki stadion dəfələrlər rekord azarkeş kütləsinə şahid olub. Əminəm ki, gəncəlilər arasında belə bir könüllü çıxacaq və bu fikrimizi dəstək çıxacaq. Eləcə də Sumqayıtda. Kaş "Xəzər Lənkəran" bərpa olaydı. Etiraf edim ki, bu klubun azarkeşləri ilə rəqabət illərini xatırlayıram. Bu bir fərqli yarış, bir fərqli coşqu idi. "Neftçi-Xəzər Lənkəran" afişası hər şeyi deyirdi.

 

- Anladığım qədərilə "Ladies of Qarabag" rəhbərliyi ilə yaxınsınız...

 

- Meydanda rəqibik. Meydandan kənarda isə münasibətimiz var. Azakeşlik fərqlidir. Bəzən emosialara hakim olmaq lazımdır. Hətta ailələr tanıyıram ki, ata "Neftçi"yə, oğul "Qarabağ"a azarkeşlik edir. Fanat sevgi kimidir. Kimi nə zaman sevəcəyini hesablamırsan.

 

- Mən “Qarabağ” azarkeşiyəm. Bəlkə bizim dəstəmizə qoşulasınız?

 

- Mən bunu bir zarafat kimi qəbul etdim(gülür). Onsuz da bunu belə qələmə verənlər var, indi bu sualdan sonra daha da yeni versiyalar irəli sürəcəklər. Sabah paylaşımlarda “Ladies of Neftchi” “Qarabağ”a azarkeşlik edir” paylaşımını da görsəm, təəccüblənməyəcəm.

 

- Belə anladım ki, sadiq birisiniz…

- Mənim üçün bir komandaya sadiq olmaq mühüm elementdir. “Neftçi” uğur əldə etmir deyə ondan imtina edə bilmərəm. Amma idarəçilər uğursuzdursa, onlardan imtina etmək mümkündür. Mənim əsassız şəkildə “Qarabağ” azarkeşi olduğumu deyirlər. O zaman mən belə bir sual verəcəm: Bundan əvvəl başqa klubların uğurları üçün çalışan, amma hazırda “Neftçi”də olan neçə nəfəri tanıyırsınız? Biz onlara da deyə bilmərik ki, siz əvvəl “X” klubunda işləmisiniz, “Neftçi”də nə işiniz var? Bizə idarəçilərin işi düzgün aparması lazımdır. Onların düzgün işləməsi komandanın da uğur qazanması ilə nəticələnəcək.

 

- Niyə "NeftchiGirls" ilə birləşmirsiniz?

 

- Çox gözəl və yerində verilən sualdır. Bu fan-klubun mənim haqqımda yalnış fikir formalaşdırmasına baxmayaraq, onlara hörmətim var. Çünki onların da ürəyi "Neftçi" sevgisi ilə döyünür. Bu bizi birləşdirən dəyərdir. Bildiyim qədərilə onlar bir dəfə rəhbərimiz Xəyalə Şahlarlı ilə söhbətdə birləşmək haqda danışıblar. İdeya müəllifi və təsisçi olaraq mən də buna qarşı deyiləm. Xəyalə xanımla söhbətdə ilk olaraq bizim yaranmağımıza baxmayaraq, "Ladies of Neftchi"nin onlara qatılmasını irəli sürüblər.

 

- İlk yaranan sizin fan-klub olsa da, məhz siz onlara birləşəsiniz. Doğrumu anladım?

 

- Bəli, müraciət bu məzmunda olub. Amma inanın ki, bu da o qədər də problemli məsələ deyil. Sadəcə bir araya gəlmək lazımdır. Xəyalə Şahlarlı mənə onların bu istəklərini deyəndə çox sevinmişdim. Çünki məqsədimiz parçalamaq yox, birləşməkdir. Görüşməli və danışmalı idik. Amma onlardan xəbər gəlmədi. Əvəzində isə "Neftçi"nin “İnstagram” səhifəsində onların elanı paylaşıldı, klubun onlara dəstək olduğu bildirildi. Ayrı-seçkiliyə görə məyusuq, amma ruhdan düşmədik. Çünki biz bu fan-klubu şəxsi maraqlarımız üçün yaratmamışıq. Biz "Neftçi"dən vəzifə gözləmirik və ya oradan asılı deyilik. Biz azad və müstəqil fan-klubuq. Yeri gələndə rəhbərliyi tənqid edəcək, etiraz edəcək, yeri gələndə isə dəstək olacağıq.

 

- Sizin “Neftçi” ilə əməkdaşlığınız olubmu? Xatırladığım qədərilə bir ara “Bakcell Arena”da sizin səsiniz eşidilirdi.

 

 - Ötən mövsümün əvvəlində “Neftçi”nin bir neçə ev oyununda stadion diktoru idim. Bunu mənə təklif edənlər futbol ictimiyyətinin tanınmış simaları idi. Bir sözlə, bunun həyəcanı bir fərqli idi. Məndə “Neftçi” sevgisi olmasa, o stadionda komandamızın qoluna necə sevinə bilərdim? Amma təəssüflər olsun ki, mənim “Bakcell Arena”da diktor olduğum ərəfədə “Neftçi”nin cəmi 2 qoluna sevinmişik. İlk turda “Qarabağ”a(1:3) və 5-ci turda “Zirə”yə məğlubiyyət(1:2). Bircə “Kəpəz”lə qarşılaşmada hesab açılması(0:0). Məni tanıyan şəxslərin bir çoxu “Neftçi” azarkeşi olduğumu çox yaxşı bilirlər. Sadəcə “Neftçi”nin keçmiş rəhbərliyinin uğursuz siyasəti, azarkeşlərə qarşı etinasız və hörmətsiz yanaşması bir çox azarkeşlər kimi, məni də incik salmışdı. “Neftçi” futbolçusunun azarkeşə hücum etməsi və fanatın həbs olunması məsələlərini xatırlayaq. Yəni bütün bunlara görə “tısbağa kimi öz qınıma çəkilmişdim”.

 

- “Neftçi” futbol klubundan hansı dəstəyi gözləyirsiniz?

 

- Biz “Neftçi” rəhbərliyindən ayrıseçkilik etməməyi tələb edirik. Bəli, bu məhz tələbdir. Bayaq dediyim kimi, biz azad və müstəqilik. Yaranmaq üçün heç kimin icazəsinə gərəyimiz olmadığı kimi, fəaliyyət göstərmək üçün də dəstəyə ehtiyacımız yoxdur. Bircə, haqqımıza girilməsin, ayrıseçkilik edilməsin və ən əsası bizim haqqımız yalan danışılmasın. Biz dəstəyi azarkeşlərdən gözləyirik. Azad və müstəqil olan, hər yerdə haqq sözünü deyə bilən, heç kimdən çəkinməyən, heç kimin himayəsi, diktəsi altında olmayan azarkeşlərdən dəstək gözləyirik. Qarşıdan “Neftçi”nin Avropa Liqasının təsnifat mərhələsi oyunları yaxınlaşır. Məhdud imkanımız daxilində bu oyunlara hazırlaşırıq. Ola bilər ilk başda zəif təsir bağışlayaq. Amma əsas odur ki, içimizdəki “Neftçi” sevgisi böyükdür.

NURiyə Zeynalova