DÇ-2018 start götürür

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.
 
Sayca XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq Açılış mərasimi "Lujniki” stadionunda keçiriləcək. Təbdirdə britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina çıxış edəcəklər.
 
Mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq. Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 
İyulun 15-də yekun vurulacaq dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva ("Lujniki” və "Spartak”), Kalininqrad ("Kalininqrad” stadionu), Sankt-Peterburq ("Sankt-Peterburq” stadionu), Nijni Novqorod ("Nijni Novqorod” stadionu), Volqoqrad ("Volqoqrad Arena”), Kazan ("Kazan Arena”), Samara ("Samara Arena”), Saransk ("Mordoviya Arena”), Rostov-Don ("Rostov Arena”), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda ("Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək.
 
DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək. 
 
Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb. 
 
Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.
 
A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay
B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran
C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka
D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya
E qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya
F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya
G qrupu: Belçika, Panama, Tunis, İngiltərə
H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya
 
Bukmeykerlər əsas favorit qismində Almaniya millisini görürlər. Yoahim Lövün rəhbərlik etdiyi kollektivin çempionluq əmsalı 5.00-dır. Braziliyada bu göstərici 5.50, Fransada 6.00, İspaniyada 6.50, Argentinada isə 8.50-dir. Hərçənd, çempionatın startına bir gün qalmış baş məşqçi Xulen Lopeteginin Fernando Yerro ilə əvəzlənməsi ispaniyalıların şanslarına da təsir edəcək.
 
DÇ-2018-də 6 konfederasiyadan ümumilikdə 35 hakim xidmət göstərəcək. Onların sırasında türkiyəli FIFA referisi Cüneyt Çakır da var:
 
Avropa, UEFA (10): Cüneyt Çakır (Türkiyə), Byorn Kuypers (Hollandiya), Canluka Rokki (İtaliya), Damir Skomina (Sloveniya), Antonio Mateo Laos (İspaniya), Şimon Marçinyak (Polşa), Feliks Brıx (Almaniya), Milorad Majiç (Serbiya), Kleman Türpen (Fransa), Sergey Karasyov (Rusiya)
 
Şimali Amerika, CONCACAF (6): Mark Geyqer, Haier Marrufo (hər ikisi ABŞ), Hoel Agilar (Salvador), Sezar Ramos (Meksika), Rikardo Monterro (Kosta-Rika), Con Pitti (Panama)
 
Cənubi Amerika, CONMEBOL (6): Sandro Riççi (Braziliya), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Enrike Kaseres (Paraqvay), Xulio Baskunyan (Çili), Andres Kunya (Uruqvay)
 
Afrika, CAF (6): Bakari Qassama (Qambiya), Yanni Sikazve (Zambiya), Qehad Qrişa (Misir), Mehdi Abid Şərif (Əlcəzair), Didu Malanq (Seneqal), Bamlak Tessema Ueyesa (Efiopiya)
 
Asiya, AFC (5): Ravşan İrmatov (Özbəkistan), Alireza Faqani (İran), Navaf Şukralla (Bəhreyn), Ryudzi Sato (Yaponiya), Məhəmməd Abdulla (BƏƏ)
Okeaniya, OFC (2): Matt Konqer (Yeni Zelandiya), Norber Oata (Fransa Polineziyası)
 
DÇ-2018
A qrupu
19:00. Rusiya – Səudiyyə Ərəbistanı