"Qarabağ"a azarkeşlik edirəm"-Taleh Heydərov
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Fransada “Lill” klubu ilə qarşılaşan “Qəbələ” dueldən sərfəli nəticə ilə ayrılıb. Oyundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb. Olimpsport.az həmin müsahibəni təqdim edir.
- Bu hesaba görə sizi təbrik etmək olarmı?
- Bəli.
- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı.
- Bu cür böyük büdcəyə sahib, ötən mövsüm Fransa çempionatında 5-ci yeri tutmuş bir komanda ilə qarşılaşmada 1:1 hesabı böyük nəticədi. Bu nəticə hələ ki bizə sərf edir.
- Səfərdə bu nəticəni gözləyirdinizmi?
- Komandaya maksimum güclərini ortaya qoymaq tapşırığı verilmişdi. Baş məşqçiyə və futbolçulara demişəm ki, biz bu mərhələni keçsək, onu sabiq kapitanımız Cavid Hüseynova ərməğan edəcəyik. Komanda olaraq sona qədər mübarizə apardılar.
- Növbəti oyunlar üçün necə, yeni transferlər nəzərdə tutulubmu?
- Hücumçu axtarışındayıq. Bir futbolçu var, amma səhhətində problem olduğuna görə, başqa oyunçu axtarmağa başladıq.
- Komanda adətən Bakıda keçirdiyi oyunlarda azarkeş baxımından problemlə üzləşir. Yəni tribunalar tamamilə dolmur. Bu sahədə iş görmək. Kompaniya keçirmək planlaşdırılırmı?
- Məqsədimiz hər zaman azarkeşləri stadiona cəlb etməkdi. Bu istiqamətdə müəyyən işlər görülür. Amma bu könüllü şəkildə olmalıdı. İnanıram ki, azarkeşlərimiz komandaya stadionda dəstək verəcək. Komandanın uğur qazanmasında bu amil vacibdi. Klub olaraq əlimizdən gələni edirik. Azarkeşlərin üzərinə də məsuliyyət düşür. “Qəbələ” Azərbaycanı təmsil edir. Təbii ki, komandamızı daim dəstəkləməliyik. “Qarabağ”, eləcə də digər klublarımız avrokuboklarda oynayan zaman stadiona gedir, dəstəyimi əsirgəmirəm. Bunu klub prezidenti olduğuma görə yox, bir vətəndaş kimi edirəm.
- “Qarabağ”ın adını çəkdiniz. Onlar da ilk oyunda heç-heçə edib, əlverişli nəticə qazanıblar. Onlarla bağlı nə düşünürsüz?
- Bu komandaya azarkeşlik edirəm. Həm adına, həm də oyun üslubuna görə. Klubun rəhbərliyinə, baş məşqçisinə hörmətim var. Düzgün strategiya seçiblər. Azərbaycanı layiqincə təmsil edirlər. Onlar haqda fikrim müsbətdi. Yaxşı nəticə ilə dönüblər. Cavab oyununda uğurlar arzulayıram.
- Fransadan Azərbaycana hansı təəssüratlarla dönürsünüz?
- Ancaq xoş təəssüratlarla dönürəm.
- Mərhələ keçəcəyinizə əminsinizmi?
- Hələ yox. Çünki rəqibin heyətində də təhlükəli futbolçular var. Onların da qol vurmaq üçün bir neçə imkanı oldu. Bir tərəfdən bəxtimiz gətirdi. Bakıdakı oyun çətin keçəcək. Arxayınlaşmaq olmaz. Gücümüzü sərf etməliyik.
- Komanda mərhələ adlasa, mükafatın məbləği əvvəlki oyunlarla müqayisədə artırılacaqmı?
- Əlbəttə, mükafatın məbləği artırılacaq. Rəqibimiz 75 milyon büdcəsi olan klubdu. Onları mübarizədən kənarlaşdırmaq heç də asan olmayacaq. Çətin tapşırıqdı.