Cəlilabad güləş məktəbinin yetişdirdiyi Ağamalıyevləri yaxından tanıyaq
Güləş Azərbaycanın ən populyar idman növlərindən biridir desək yanılmarıq. Demək olar ki, bu növ ölkəmizin hər yerində məşhurdur. Cəlilabad rayonu da daima güləş bölgələrimizdən sayılıb. Cəlilabadda indi də güləş ənənələri davam edir. Qədim idman növümüz sayılan güləşin inkişafında Ceyhun Hebi oğlu Ağamalıyevin də əməyi var. O, 3 mart 1973-cü ildə Cəlilabad rayonunda anadan olub. Rayon 2 nömrəli orta məktəbi bitirib. Ali təhsillidir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsini bitirib. İdmanın sərbəst güləş növü üzrə idman ustası, veteranlar arasında dünya çempionu və əməkdar məşqçidir. Güləşin sirlərini Telman Quliyevin və İlham Məmmədovun rəhbərliyi altında öyrənən təcrübəli mütəxəssis hazırda Cəlilabad rayon uşaq gənclər idman məktəbində məşqçi-müəllim vəzifəsində çalışır. İşlədiyi 18 il müddətində dünya,Avropa, beynəlxalq və Azərbaycan birinciliklərinin qaliblərini yetişdirib. Hazırda 100-dən çox tələbəsi var. Onlardan bəziləri yığma komandamızın üzvülərdir.
Xatırladaq ki, Ceyhun Ağamalıyevin övladı Röyal Ağamalıyev hazırda sərbəst güləş üzrə gənclərdən ibarət milli komandamızın üzvüdür. Gənc Ağamalıyev bu il qarşıdan gələn Avropa və dünya birinciliklərində ölkəmizin şərəfini qorumağa hazırlaşır. İnanırıq ki, Ağamalıyevlərin və Cəlilabad güləş məktəbinin səsi hələ çox zirvələrdən gələcək.