“Qarabağ” - “Viktoriya” matçının hakimi ...
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Viktoriya” matçının hakimi Hüseyin Göçək Azərbaycan futboluna tanışdı. Olimpsport.az saytının məlumatına görə, türkiyəli referi karyerası ərzində artıq 2 dəfə təmsilçilərimizin oyununu idarə edib.
Hər iki qarşılaşma 2014-cü ildə baş tutub. Göçək həmin il, avqustun 21-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Partizan” – “Neftçi” matçına təyinat alıb. Belqradda baş tutan qarşılaşmada bakılılar meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıblar.
Oktyabrın 10-da isə FİFA referisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya – Azərbaycan görüşünü idarə edib. Bu oyunda da rəqib komandanın minimalhesablı üstünlüyü ilə yekunlaşıb – 2:1.
Maraqlıdı ki, Hüseyin Göçəkin təmsilçilərimizin oyununu idarə etdiyi hər 2 görüşdə “het-trik” (dubl+avtoqol) qeydə alınıb. Belə ki, həm “Partizan” – “Neftçi”, həm də İtaliya – Azərbaycan oyununda 1 futbolçu rəqib qapısına 2, öz qapısına 1 qol vurub. Serbiyada baş tutmuş görüşdə bu “missiyanı” Denis Silva daşıyıb. “Neftçi”nin sabiq müdafiəçisi “Partizan”la səfər oyununda komandasının hər iki qoluna imza atmaqla yanaşı, öz qapıçılarını da məyus etmişdi. Həmin matçda “Neftçi”nin daha bir müdafiəçisi Elvin Yunuszadə də avtoqolla yadda qalmışdı.
Palermoda baş tutan İtaliya – Azərbaycan görüşündə isə rəqibin futbolçusu Corcio Kyellini hər iki qapıya yol tapıb. O, yığmamızın qapısına 2 qol vurmaqla yanaşı, “Skuadra Adzurra”nı da mərkəzə dəvət etmişdi.
Türkiyəli referi UEFA Çempionlar Liqasının keçən il baş tutmuş finalına da təyinat alıb. O, “Barselona” və “Yuventus” arasında keçirilmiş qarşılaşmada (3:1) əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.
Göçək bu yay keçirilmiş AÇ-2016-ya da qatılıb. Cüneyt Çakırın briqadasında yer alan Hüseyin qitə birinciliyində də əlavə köməkçi hakim kimi fəaliyyət göstərib.(Apasport)