Kuperin Misir macərası başa çatdı
Futbol üzrə Misir yığmasının baş məşqçisi Ektor Kuper istefaya göndərilir. Bu barədə ölkənin “Əl-Vətən” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Misir yığmasının DÇ-2018-in ilk iki turundakı məğlubiyyət argentinalı mütəxəssisin istefasına gətirib çıxarıb. Artıq son turda Səudiyyə Ərəbistanı ilə oyunun nəticəsindən asılı olmayaraq, komanda DÇ-dən qayıdan kimi, Kuperin istefası rəsmən elan olunacaq.
Qeyd edək ki, ilk turda Uruqvaya (0:1), ikinci turda isə Rusiyaya (1:3) məğlub olan Misir yığması mundialın 1/8 finalına yüksəlmək şansını demək olar, itirib.
Misirin Səudiyyə Ərəbistanına qarşı keçirəcəyi son oyun iyunun 25-də baş tutacaq.