“Qəbələ”yə adaptasiya çox rahat keçir
“Qəbələ”nin yeni transferi Baqali Dabo Fransa mətbuatına müsahibə verib.
Olimpsport.az xəbər verir ki, futbolçu “Lill” ilə keçirilən qarşılaşmadan sonra Azərbaycana transferindən və “Qəbələ”nin Avropa Liqasındaki məqsədlərindən danışıb: “Fransada bir neçə klubda oynadım, daha sonra “Qəbələ”dən təklif aldım. Sözün düzü, birinci təklifi geri çevirmişdim. Amma daha sonra ikinci təklif gəldi və mən qəbul etdim. “Qəbələ”yə keçidimdə klubun Avropa Liqasında oynamağı da böyük rol oynadı. Fransanın 2-ci liqasında top qovan bir futbolçu üçün avrokuboklar əlçatmaz kimi görünür.
10 ildi yaranmasına baxmayaraq “Qəbələ” qısa müddətdə ambisiyalı komanda qurmağı bacarıb. Avrokuboklara vəsiqə qazandıqdan sonra isə komandaya səviyyəli legionerlər cəlb olunub. Klub rəsmiləri və rəhbərlik böyük komanda formalaşdırmaq üçün əlindən gələni edir.
“Qəbələ”yə adaptasiya çox rahat keçir. Buraya Avropa Liqasının 1-ci təsnifat mərhələsindən əvvəl gəldim və artıq 3 məhsuldar ötürmə etmişəm. Fransız futbolçuların olmaması bir qədər çətinlik yaratsa da, bunun öhdəsindən gəlirəm (gülür).
Azərbaycanda futbolu çox sevirlər. Ümmumiyyətlə ölkə hər cəhətdən inkişaf edir. Futbol sahəsində də xeyli işlər görülür.
Avropa Liqasında oyunlarımızı Bakıda keçiririk. Nədənsə bu arena mənə “Bollar-Deleli” stadionunu xatırladır. Mehmanxanada qaldığım üçün Bakını gəzməyə o qədər də vaxtım və imkanım olmayıb. “Qəbələ”də hələ olmamışam. Ora çempionat başlayanda gedəcəyik.
Klubun məqsədi Avroliqada qrup mərhələsinə yüksəlməkdi. “Lill” səddini keçmək istəyirik. Futbolda mümkün olmayan heç nə yoxdur. “Qəbələ”də özümü sübut etmək istəyirəm”.