Almaniyadan möhtəşəm qələbə
Rusiyadakı futbol üzrə dünya çempionatında F qrupunun II turu çərçivəsində daha bir oyun keçirilib.
Son dünya çempionu Almaniya millisi İsveç yığması ilə üz-üzə gəlib. Soçidəki "Fişt" stadionunda təşkil olunmuş qarşılaşma bundestimin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 32-ci dəqiqədə isveçli hücumçu Ola Toyvonen açıb. 48-ci dəqiqədə almaniyalı yarımmüdafiəçi Marko Röys bərabərlik qolunu vurub. Bundestim qələbə topu üçün irəli atıldığı vaxt daha bir zərbə alıb. 82-ci dəqiqədə Jerom Boatenq ikinci sarı vərəqəni alaraq, komandasını azlıqda qoyub.
Bununla belə, Almaniya yığması qələbə topunu vurmağa müvəffəq olub. Uzatma dəqiqələrində Toni Kroos cərimə zərbəsindən topu tora göndərib. Bununla da bundestim vacib qələbə qazanaraq, qrupdakı intriqanı son tura saxlayıb. Hazırda Meksika 6 xalla liderdir. Almaniya və İsveç hərəyə 3 xalla 2-3-cü yerləri bölüşdürürlər. Xalsız Cənubi Koreya isə qrupda axırıncı pillədədir. III turda Meksika İsveçlə, Almaniya isə Cənubi Koreya ilə qarşılaşacaq.
Almania - İsveç - 2:1
Qollar: Marko Röys, 48. Toni Kroos, 90+5 - Ola Toyvonen, 32
Qırmızı vərəqə: Jerom Boatenq, 82 (Almaniya)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (hamısı Polşa), Ryuji Sato (Yaponiya)
Soçi "Fişt" stadionu