Salah da mükafatdan imtina etdi - Pivəyə görə

Misir yığmasının hücumçusu Məhəmməd Salahın Rusiyada təşkil olunmuş dünya çempionatı çərçivəsində Səudiyyə Ərəbistanına qarşı ötən gün keçirilən qarşılaşmanın ən yaxşı oyunçusu seçildiyini xəbər vermişdik. İngiltərənin “Liverpul” klubunun lideri ən yaxşı oyunçu üçün verilən mükafatı qəbul etməkdən imtina edib.

Buna səbəb isə mükafatı pivə şirkətlərindən birinin təqdim etməsi olub. Misirli futbolçu müsəlman olduğunu əsas gətirərək, bu mükafatı qəbul edə bilməyəcəyini deyib.


Misir yığması bu oyunda Səudiyyə Ərəbistanına 1:2 hesabıyla uduzub. Qarşılaşmada hesabı açan Salah vurduğu qolu da bayram etməyib. O, bunu Səudiyyə Ərəbistanından olan müsəlman futbolçuları özünə qardaş bildiyi üçün onlara vurduğu qolu bayram etmədiyini bəyan edib.


Xatırladaq ki, qrup mərhələsinin ilk turunda Misir yığmasının digər üzvü, qapıçı Məhəmməd Əl Şənavi da Uruqvayla qarşılaşmanın ən yaxşısı seçilmiş, lakin eyni səbəbdən mükafatdan imtina etmişdi.