“Liverpul”dan Salahla yeni müqavilə - Həftəyə 200 min qazanacaq

Geridə qalan mövsümdə “Liverpul”da inamlı çıxışı ilə özündən söz etdirməyi bacaran Məhəmməd Salah İngiltərə klubu ilə yeni, uzunmüddətli müqavilə bağlayıb. Yeni müqavilənin detalları rəsmən açıqlanmasa da, mətbuata sızıb. Salahın “Liverpul”la 5 illik - 2023-cü ilə qədər müqavilə imzaladığı iddia olunur.


Yeni müqavilədən sonra misirli futbolçu “Liverpul”un tarixində ən ödənişli oyunçu olub. Onun həftəlik məvacibi 200 min funt sterlinq (226 min avro) təşkil edəcək.


26 yaşlı futbolçu “Liverpul”a 2017-ci ildə 42 milyon avroya “Roma”dan keçib.


O, ötən mövsüm İngiltərə Premyer Liqasının rekordunu müəyyənləşdirib, 32 oyunda 36 qol vurub. Bütün turnirləri nəzərə aldıqda isə, Salah bir mövsümdə 52 görüşə 44 qola imza atıb.