DÇ-2018: İkinci fınalçı müəyyənləşir
Futbol üzrə dünya çempionatında bu gün daha bir finalçı müəyyənləşəcək.
Ikinci yarımfinal matçında Xorvatiya və İngiltərə yığmaları üz-üzə gələcəklər. Xorvatiya ¼ finalda əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatan oyunda Rusiyanı penaltilər seriyasında məğlub edib - 4:3. İngiltərə isə İsveçi 2:0 hesabı ilə üstələyib.
İki komanda dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaq. Xorvatiya millisi mundiallar tarixində ikinci dəfə yarımfinal matçına çıxacaq. Komanda son olaraq 1998-ci il dünya çempionatında bu mərhələyədək irəliləsə də, Fransaya 1:2 hesabı ilə uduzub.
İngiltərə yığması isə dünya çempionatları ərzində üçüncü dəfə yarımfinal matçına çıxacaq. Britaniyalılar qızıl medal qazandıqları 1966-cı il dünya çempionatının yarımfinal oyununda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edib. 1990-cı ildə isə Almaniyaya penaltilər seriyasında uduzub.
DÇ-2018
11 iyul
22:00. Xorvatiya – İngiltərə
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə), Byörn Kuypers (Hollandiya)
Moskva, "Lujniki" stadionu
Qeyd edək ki, bu görüşün qalibi iyulun 15-də keçiriləcək final matçında Fransa ilə qarşılaşacaq. Məğlub komanda isə iyulun 14-də 3-cü yer uğrunda görüşdə Belçika önünə çıxacaq.