Şakiri rəsmən “Liverpul”da

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.  Premyer Liqa təmsilçisi İsveçrə yığmasının aparıcı üzvlərindən olan Cerdan Şakirini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


“Stok Siti”də çıxış edən hücumçunun transferi üçün qarşı tərəfə 13,5 milyon funt-sterlinq təzminat ödəyən “Liverpul” yeni futbolçusu ilə 5 illik müqavilə bağlayıb. Şakiri bu komandada 23 nömrəli formanı geyinəcək.


İsveçrə yığmasının üzvü “Stok Siti”də 2015-ci ildən çıxış edirdi. O, həmin vaxt İtaliyanın “İnter” klubundan 12 milyon funt-sterlinqə transfer edilmişdi. Hansı ki, bu, “Stok Siti” tarixində ən bahalı transfer kimi tarixə düşmüşdü. 26 yaşlı futbolçu geridə qalan mövsümdə 8 qola imza atmaqla “Stok Siti”nin ən məhsuldar futbolçusu olub.


Vaxtilə Almaniyanın “Bavariya” klubunun da şərəfini qorumuş Şakiri Münhen təmsilçisi ilə 2013-cü ildə Bundesliqa çempionluğu yaşayıb.


“Liverpul” Şakiridən öncə bu yay “Monako”dan Fabinyonu, “Leyptsiq”dən Nabi Keytanı da transfer edib.