"Olimpiya"nın baş məşqçisi ilə kapitanı iddialıdı: "Bakıda məğlubiyyət bizim üçün dünyanın sonu olmayacaq"
Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la cavab qarşılaşması öncəsi mətbuat konfransı keçirib. Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlər qarşısına çıxan kapitan Aris Zarifoviçlə çıxan serbiyalı mütəxəssis əvvəlcə Bakıdakı oyuna hazırlığı dəyərləndirib.
İ.S: Sizi möhtəşəm şəhərdə salamlayıram. Yenidən Bakıda olduğuma görə sevinirəm. Bir neçə il öncə U-17-lər arasında Avropa çempionatının final mərhələsində Serbiya yığmasıyla burda olmuşam. Həmin oteldə qalıram, burda hər şey xoşuma gəlir. Hava isti da olsa, problem görmürəm. Məqsədimiz qələbə qazanaraq mərhələ keçməkdi.
A. Z: İlk oyundan sonra işimiz çətin olsa da, bura qələbə üçün gəlmişik. Bunu mümkünsüz görmürəm. Bakıya mərhələ adlamaq üçün gəlmişik
- İlk oyunda ehtiyatlı oynadınız. Sabah yenə həmin oyunu izləyəcəyik?
İ.S: Bu, bizim üçün xarakterik oyundu. Hər iki komanda taktiki planda demək olar eynidi. Hesab etmirəm ki, ilk matçda məğlubiyyəti haqq edirdik. Hesab oyuna görə olmadı. Belə oyunlarda hər bir səhv həlledici ola bilər. Komandaların oyun üslubları təxminən eyni olduğundan, cavab matçında da eyni halın şahidi ola bilərik.
- İlk matçda "Qarabağ"ın təəccübləndirə bilmədiniz. Bəs bu dəfə?
A.Z: "Olimpiya" yeni komandadı, yeni baş məşqçi gəlib. İlk görüşdə "Qarabağ" favorit olsa, gördük ki, onlara qarşı oynamaq olar. Məqsədimiz evdəki məğlubiyyətin əvəzini çıxmaqdı. Buna şansımız var.
- Mərhələni keçə bilməmək "Olimpiya"nın kapitanı üçün faciə olacaqmı?
A.Z: Uduzsaq, bu, bizim üçün dünyanın sonu olmayacaq. Hər halda, mübarizəni Avropa Liqasında davam etdirəcəyik.
- İlk oyunda cəzalı futbolçunuz oldu. Abass İshalın xidmətindən Bakıda istifadə edə bilməmək problem yaradacaq?
İ.S: Hər bir futbolçu komanda üçün önəmlidi. Ancaq buna baxmayaraq, meydana 11 nəfərlə çıxmalıyıq. Bunun üçün alternativ varinatların olmalıdı.
- Bəs əsas kapitanınız Branko İliçin zədəsi oynamağa imkan verəcək?
İ.S: Bu, onun oyunöncəsi özünün necə hiss etməsindən asılı olacaq.
- İlk oyunda qırmızı vərəqə alan futbolçunuzla bağlı sual veriləndə, demişdiniz ki, həmin epizoda baxaraq fikir söyləyə bilərsiniz. İndi bu haqda nə deyə bilərsiniz? Hakimin qərarı düzgün idi?
İ.S: Artıq qərar verilib və indi nəsə deməyim bir şeyi dəyişmir. Ona görə bu haqda fikirləşmək istəmirəm. Həmin epizodu unudub, cəzalı futbolçumuzun yoxluğunda necə oynamaq haqda düşünməliyik.
- "Qarabağ"ın hansı oyununu izləmisiniz və rəqibə sürpriz edə biləcəksiniz?
İ.S: Mpvsümlərarası fasilədə demək olar bütün yoldaşlıq görüşlərinə baxmışam. Eləcə də "Qarabağ" bizim matçlara baxıb. Ancaq hesab edirəm ki, rəsmi oyunlarla yoxlama matçları fərqli olur. Sürpriz yox, mümkün olan ən yaxşısını etməyə çalışacağıq. Əmin ola bilərsiniz ki, mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, matçda mübarizə son saniyələrədək davam etsin.