Məsut Özildən şok qərar - Almaniya yığmasından getdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirməsi Almaniyada heç də bir mənalı qarşılanmayan Məsut Özil bu ölkənin milli komandasındakı çıxışını başa vurduğunu açıqlayıb.  29 yaşlı futbolçu son aylarda baş verən olayların ardından sosial şəbəkə hesabında milli karyerasını başa vurmağını belə əsaslandırıb:

 

“Almaniya yığması qələbə qazananda alman, məğlub olanda köçkün oluram. Dostlarım Lukas Podolski ilə Miroslav Kloze heç vaxt alman-polşalı deyə müzakirə olunmayıb. O zaman mən niyə alman-türk olaraq görüldüm? Türkiyə olduğu üçünmü? Müsəlman olduğum üçünmü? Məhz son yaşanan olaylar səbəbindən, irqçilik və hörmətsizlik hiss etdiyim üçün bundan sonra Almaniya üçün oynamayacağam. Almaniya milli komandasının formasını qürur və həyacanla geyindim, amma artıq geyinməyəcəm. Bu qərarı vermək çətin idi, çünki komanda yoldaşlarım, məşqçilər korpusu və Almaniyanın yaxşı insanları üçün meydanda hər zaman hər şeyimi verirdim. Federasiya rəsmiləri isə mənim türk əsilli olmağıma hörmət qoymadılar. Eqoistcəsinə davrandılar və məni siyasi təbliğata alət etdilər. Artıq bəsdi. İrqçilik heç vaxt normal qarşılanmamalıdı".

 

Qeyd edək ki, türk əsilli futbolçunun may ayında Londonda Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkil alman azarkeşlər tərəfindən xoş qarşılanmamışdı və yarımmüdafiəçi təzyiqlərlə üzləşmişdi.

 

Özil 2009-cu ildən Almaniya yığmasının şərəfini qoruyurdu. İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi bu illər ərzində Bundestimlə 92 oyuna çıxıb, 23 qol vurub.