"İddiamızda qalırıq"-Tahir Gözəl

“Nəticəyə görə çox məyus olduq. “Qarabağ”ın mərhələ adlaya bilməməyi ürəkaçan deyil”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Viktoriya" (Plzen) ilə oyundan sonra deyib.

 

Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Viktoriya"lə 1:1 hesablı bərabərliyə imza atıb. İlk oyunda qapılara qol vurulmadığından bu nəticə “Qarabağ”ı qitənin ən mötəbər klub turnirindən kənarda qoyub.

 

Gözəl nəticəyə görə məyusluğunu ifadə edib: “Oyun ərzində üstünlük bizim tərəfimizdə idi. 3 real qol epizodunu boşa verdik. Rəqibin 1 qol imkanı oldu, onu da dəyərləndirdi. Xalqımızı qələbə ilə sevindirməyi çox istəyirdik. Amma alınmadı”.

 

Klub rəsmisi artıq hədəflərinin Avroliqanın qrupunda oynamaq olduğunu vurğulayıb: “Bu oyunda qələbə qazanmalı idik. “Qarabağ” çox çalışsa da, istəyinə çata bilmədi. Amma mübarizə davam edir. İddiamızda qalırıq. Rəqiblərin gücünü də nəzərə almaq lazımdı. Sona qədər mübarizə aparacağıq”.

 

Gözəl azarkeş dəstəyinə də toxunub: “Bundan sonra nə desək, danışmaq asandı. Məşqçinin işinə qarışa bilmərik. Lakin diqqət yetirməli olduğumuz məqamlar var. “Viktoriya” rəhbərliyi ilə danışırdıq. Bu komanda Çexiyanın paytaxtını təmsil etmir. Lakin klub rəhbərliyi bildirir ki, hər oyunda stadionda 12 min azarkeş olur. “Qarabağ”ın hər oyununa 12 min azarkeş gəlsə, bu, bizim üçün uğur olar. Azərbaycan xalqına təşəkkür edirəm. Bu gün fanatlar komandaya möhtəşəm dəstək verdilər”.

 

O, klubun transfer siyasətinə də toxunub: “Sponsorlar hər zaman Qurban Qurbanova deyirlər ki, yol açıqdır. Heyəti gücləndirmək yolunda daim çalışırıq. Amma oyunçu almaqla qrupa düşmək təmin olunmur. Bu gün oyunumuz çox gözəl idi. Bəxtimiz gətirmədi”.