Futbol elə bir oyundu ki, hər nəticəyə hazır olmalıyıq

“Çox istəyirdik ki, qalib gələk. Futbolçuların hər birinə “sağ ol” deyirəm. Hər bir insan qalib gəlmək istəyir. Son vaxtlar stadionda belə anşlaq olduğunu xatırlamıram”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Viktoriya” matçı 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra Ağdam klubu ÇL ilə vidalaşıb, Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ qazanıb. Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov son anda əldən verdikləri qələbəni belə şərh edib: “Əfsuslar olsun ki, futbolda bəzən istəmədiyin, düşünmədiyin nəticələr olur. Qol vurmağa çalışdıq. Futbolçular əllərindən gələni etdilər. Amma sonluq yaxşı olmadı. Rəqibi təbrik edirəm. Daxili çempionat başlayacaq. Onunla yanaşı, Avroliqanın pley-offunda çıxış edəcəyik. Əlbəttə ki, futbolçularım ən yaxşısını etməyə çalışdılar”.

 

- Əfran İsmayılovdan sonrakı əvəzetmələrin müsbət təsiri oldumu?

- Riçard əvəzlənməsini özü istədi. Futbolçuların üzərinə çox yük düşürdü. Bizə lazım idi ki, əks-hücumlarla sürəti artıraq. Düşünürəm ki, əvəzetmələr oyuna təsir etmədi. Bilsəydim ki, daha doğru olacaq, başqasını edərdim. Amma oyunun gedişatı bunu tələb edirdi.

 

- Komanda Avroliqa oyunlarına toparlana biləcəkmi?

- Futbol elə bir oyundu ki, hər nəticəyə hazır olmalıyıq. Əgər bu gün biz desək ki, məğlub olduq, daha işimiz getməyəcək, yanlış olar. Hamımız bu oyunu yaddan çıxarmağa çalışmalıyıq. İstək daha çox olanda nəticə də gəlir. Bu gün bizdə çatışmayan cəhətlərdən biri odu ki, daim belə azarkeş qarşısında oynamırıq.

 

- İtaliya “İnter”inə qalib gələ bilmədiyiniz oyundan sonra daha çox üzülmüşdünüz, yoxsa bu gün?

- Yenidən yıxıldıq. İdmandı, hamımız bununla razılaşmalıyıq. Sadəcə, inamımızı itirməyək. Başda mən olmaqla, futbolçular da inamımızı saxlamalıyıq. Qismətimizdə yoxdusa, deməli, bu nəticə olacaqdı. Ən azından, hamı oyundan sona qədər həzz aldı. Belə bir turnirdə sona kimi mübarizə aparmağa çalışdıq.

 

- “Qarabağ”ın növbəti mərhələyə keçə bilməməsində istədiyiniz transferləri reallaşdırmamağınız da rol oynadımı?

- Həmişə demişəm ki, əsas əlimizdə olanları saxlamağa çalışmalıyıq. Bəlkə də, yeni transferlərin komandaya faydası çox olardı, amma oyun baxımından problem yaşayardıq. Futbol elə bir oyundu ki, əlində olandan düzgün istifadə etməlisən. Bəzən elə nüanslar olur ki, bizdən asılı olmayan səbəbdən transfer alınmır.

 

- Buraxdığınız qol sizi daha çox məyus etdi, yoxsa Miçelin qaçırdığı qol imkanı?

- Buraxdığımız qol məni daha çox məyus etdi. Çünki o olmasaydı, qələbə qazanacaqdıq. Məyusedici anlar çoxdu. Sonda nəticə məyusedici olur.

 

- Reynaldo hələ də fərdi oyuna üstünlük verir...

- Reynaldo ötürmə verib, qol vurduğu oyunlar da olub. Bunu hələ öyrənməməsini demək düzgün çıxmaz. Müdafiəçilərə daim yaxın oynayır. Buna görə də, onun daha çox driblinq etməsi vacib olur. Ən azı, Reynaldoda bu bacarıq varsa, ondan bunu tələb edirik. Hücumçu olduğunu nəzərə alaraq, digərləri ona ötürmə verməlidilər.

- Elvin Yunuszadə əvəzetməsi olmasaydı, fərqli nəticə qeydə alına bilərdimi?

- Oyunun gedişatı bunu tələb edirdi. Bu gün bizim qismətimizdə deyildi ki, qələbə qazana bilmədik. Bu, ani bir epizod idi. Matçın gedişində ciddi dəyişiklik olmadı.

 

- İlk oyunda bu hücum futbolunu sərgiləmək olmazdımı?

- Biz səfərdə oynayırdıq. Komanda evdə və səfərdə fərqli oynayır. Hamı doğma meydanda özünü daha rahat hiss edir. “Viktoriya” burda da evdəki oyunu göstərmək istədi, amma alınmadı.

 

- Hesabda geri düşsəydik, hücum xəttini kiminlə gücləndirəcəkdiniz?

- Var elə oyunçularımız. Səfərdə Mahiri oynatdım, bu gün isə fərqli düşündüm. Buna görə də, heyətdən kənarda qaldı. Rəqib daha çox cinahlardan hücuma keçirdi.

- Daxili çempionatda intriqanın olmaması belə oyunlarda özünü göstərir. Elə deyilmi?

- Biz Çexiya və Azərbaycan çempionatlarını bir tuta bilmərik. Amma oyun baxımından elə də geri qalmadıq. Əlbəttə, futbolçunun daha da möhkəm olması üçün daha çətin rəqibə qarşı oynaması lazımdı. Çempionatımız güclü olsa, futbolumuz daha çox inkişaf edəcək. Ümumən, Çexiya və Azərbaycan çempionatları arasında fərq elə də çox deyil.