"Qol buraxdığımız an “İnter”lə görüşü xatırladım" - Muarem Muarem

“Qol buraxdığımız an “İnter”lə görüşü xatırladım. Bu oyunun nəticəsi bir qədər fərqli məna daşıyırdı. Qələbə qazansaydıq, ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynayacaqdıq, digər yandan Avroliqanın qrupu təmin edəcəkdik”. Olimpsport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun yarımmüdafiəçisi Muarem Muarem deyib.


“Viktoriya” ilə keçirilən cavab oyununda hesabı açan makedoniyalı legioner bu il ancaq Çempionlar Liqası haqda düşündüklərini vurğulayıb: “Pis oynamadıq. Rəqib 90 dəqiqə ərzində bir fürsət əldə etdi, onu da düzgün dəyərləndirdi. Biz isə çoxsaylı şansları qaçırdıq”.


Muarem bu qədər fürsətləri dəyərləndirmədikləri zaman belə qol buraxacaqlarına inandığını gizlətməyib: “Qol buraxacağımızı yox, ikinci topu vuracağımızı düşündüm. Bu qədər şansı qaçıra-qaçıra top buraxdıq. Futbolun qaydasıdı, vurmayana, vurarlar. Bunu çox yerdə gördüm. Bu gün isə bir daha şahidi oldum”.


Futbolçu ikinci qolu vura bilməməklərini təcrübəsizliklə bağlayıb: “Təcrübə sözünü dedi. Əminliklə qol vurmalı idik. Vurmursansa, deməli buraxa bilərsən. Sonda elə də oldu”.


O, Avropa Liqasının qrupuna düşmək üçün güclərini səfərbər edəcəklərini deyib: “Bunun üçün hər şey edəcəyik. Bundan daha yaxşı oynamağa, hər şeyimizi verməyə çalışacağıq. Bu gün də yaxşı oynadıq, mübarizə apardıq”.