"Kukesi"nin Bakıya qəribə səfəri: Bəzi futbolçular sonradan gələcək

"Kukesi" Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu keçirəcəyi Bakıya səfər edərkən problemlə üzləşib. Albaniyalı həmkarlarımızın kluba yaxın mənbələrdə əldə etdikləri məlumatlara görə, bütün komanda ölkəmizə səfər edə bilməyib.

 

Nə qədər qəribə görünsə də, bəzi futbolçuların sonradan paytaxtımıza gələcəkləri qeyd olunub. Problem yaradan amil kimi biletlərin olmadığı göstərilb. Bu səbəbdən komanda daxilində ayrılmalar olub. 

 

Bu gün səhər saatlarında Bakıya üz tutan "Kukesi" bu gün də, sabah da məşq edəcək. Sabahkı hazırlığın qapalı olacağı bildirilir.

 

Xatırladaq ki, "Kukesi"ylə "Qarabağ" arasında ilk matç qolsuz bərabərliklə yekunlaşıb. Cavab matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.