“Qarabağ” üzərində qələbə mənim indiyədək sevincini yaşadığım ən ağır oyun idi
“Qarabağ” üzərində qələbə mənim indiyədək sevincini yaşadığım ən ağır oyun idi. Karyeram ərzində bir çox oyunlarda iştirak etsəm də, belə çətinliklə üzləşməmişdim”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri Çexiya millisinin və “Viktoriya”nın futbolçusu David Limberski deyib.
Təcrübəli müdafiəçi Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la dünən keçirilən cavab görüşü (1:1) haqda fikirlərini açıqlayıb.
Əvvəlki illərdə “Pünik”, “Rusenborq”, “Kopenhagen”, “Jelezniçar”, “Nomme Kalyu”, “Maribor”, “Voyvodina”, “Lokeren”, “Metallurq” (Rustavi), “Rux” kimi klubları mübarizədən kənarlaşdıran “Viktoriya”nın aparıcı siması hələ belə güclü rəqibə qalib gəlmədiklərini bildirib: “Lokeren”lə qarşılaşmamız da çox çətin olmuşdu. Amma bu rəqib “Qarabağ” qədər güclü deyildi. Bu üzdən nəticədən tam razıyıq. Uğurumuzun dəyərini bilirik. Etiraf edək ki, bəxtimiz çox gətirdi. Amma biz də buna doğru addım atdıq. Yəni oyun boyu qələbəyə inanıb, sonadək mübarizə apardıq və nəticədə bəhrəsini gördük. Böyük qüvvə ilə irəli atılmalı idik. Hətta məşqçi tapşırıqlarını unudub, hamılıqla hücuma qoşulmuşduq. Bu da rəqibə əks-hücum imkanları yaratdı. Məhz onda bəxtimiz gətirdi ki, “Qarabağ” qol vura bilmədi. Ardınca isə bizim bərabərlik qolumuz vuruldu. Futbol tanrısı sanki “Qarabağ”dan üz döndərmişdi”.
Stadiondakı anşlaqdan məmnun qalan Limberski komandanın daha yaxşı oynamalı olduğunu düşünür: “Fantastik atmosfer vardı. Azarkeşlər rəqibin 12-ci oyunçusu idi. Amma qrupa düşmək üçün daha yaxşı oynamalıyıq. Qarşılaşmanın sonluğunu xüsusilə yaxşı keçirdik. Bunda təcrübəmizin də rolu böyük idi”.
Qeyd edək ki, Plzendəki ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatdığından Çexiya təmsilçisi səfər qolu ilə mərhələ adlayıb.