“Qalatasaray”ı devirib, tarix yazdılar - VİDEO

Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib. Həlledici oyunda Super Liqanın son qalibi “Qalatasaray”la Türkiyə Kubokunun sahibi “Akhisarspor” qarşılaşıb.

Oyunda hesabı ilk dəqiqələrdəcə akhisarlılar açıblar. Amma İstanbul nəhəngi fasilədən sonra hesaba tarazlıq gətirə bilib.

 

Qarşılaşmanın əsas vaxtı 1:1 başa çatdığından, əlavə vaxta ehtiyac duyulub. Lakin əlavə vaxtda da qapılara başqa qol vurulmayıb. Bu üzdən də qalib penalti seriyasında müəyyənləşib. Daha dəqiq oynayan “Akhisarspor” 5:4 hesabıyla qalib gələrək, Türkiyə Super Kubokunu qazanıb.

 

Qeyd edək ki, bu, sözügedən klubun ilk belə uğurudu. “Akhisarspor” ümumiyyətlə ilk dəfə Super Kubok uğrunda matça çıxırdı. “Qalatasaray” isə 9-cu dəfə Super Kubok görüşündən məğlub ayrıldı. Baxmayaraq ki, Türkiyə Super Kubokunun ən çox qalibi olan klub da məhz İstanbul təmsilçisidi – 15 dəfə.

 

Bu oyun həm də tarixi bir məqamla yaddaqalan olub. Belə ki, Türkiyə futbolu tarixində ilk dəfə videotəkrar sistemindən (VAR) istifadə edilib.