“Qarabağ”a prezident dəstəyi

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində rəqibi olan Belarusun BATE klubu ilə cavab oyunu oyun üçün Borisova yollanacaq. Belə vacib oyun öncəsi Ağdam klubunun prezidenti Abdulbari Gözəl komandanı ziyarət edib.

 

Son məşq öncəsi komandanın bazasına gələn klub prezidenti öncə baş məşqçi Qurban Qurbanovla görüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Daha sonra Gözəl komanda üzvləri ilə görüşüb. Nitqində BATE-ylə sonuncu qarşılaşmaya toxunan prezident məğlubiyyətə baxmayaraq, komandaya inandığını, xüsusilə 2-ci hissədə sərgilədikləri oyundan məmnun qaldığını bildirib. 

 

Komandanın uzun illər Qurban Qurbanovla sabitlik yaxaladığını bildirən klub prezidenti "Qarabağ"ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib. Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini vurğulayan Gözəl, "Qarabağ"ın uğurlarının sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu bildirib. Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən prezident Belarusda “Qarabağ”ın müvəfəqiyyət qazanacağına inandığını vurğulayıb. Sonda Abdulbari Gözəl komandaya uğurlar arzulayıb.