"Qəbələ"-"Lill" səddini keçə biləcəkmi?

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Olimpsport.az saytının məlumatına görə, təmsilçimiz “Qəbələ” də cavab oyununa çıxacaq.

 

Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill”lə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxacaq. Mərhələni keçmək üçün “qırmızı-qaralar”a qolsuz bərabərlik də yetərli olacaq.

 

Əgər “Qəbələ” bunu bacarsa, ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq.

 

Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ”a qoşulacağı halda, “Qəbələ” ötənilki uğuruna yaxınlaşacaq. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.

 

Cari mövsüm meydanı qolsuz tərk etməyən komandamız kifayət qədər tanınmış rəqibini mübarizədən kənarlaşdırmaq üçün səfərdəki oyununu nümayiş etdirmək də yetərli ola bilər.

 

Qeyd edək ki,  8-ci km stadionunda baş tutacaq matç saat 21:00-da başlayacaq.

 

 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

4 avqust

 

21:00. “Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa)

 

Baş hakim: Aleksey Yeskov (Rusiya)

Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)

Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)

Hakim-inspektor: Oleq Çuykin (Belarus)

UEFA nümayəndəsi: Vasko Dojçinovski (Makedoniya)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 1:1