" Rəqiblərimiz dəyişsə də, bizim arzularımız dəyişmir"-Roman Qriqorçuk

“Sabahkı oyunun nəticəsi hücumda necə çıxış etməyimizdən asılı olacaq. Təbii ki, hücum etmək istəyəcəyik. Rəqibin çətin olduğunu bilirik. Amma öz oyun stilimizdən dönməyəcəyik. Sona qədər döyüşəcəyik”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “qırmızı-qaralar” sabah Fransa təmsilçisini qəbul edəcəklər. Səfərdəki matçda 1:1 hesablı heç-heçə etmiş “Qəbələ”yə pley-offa adlaması üçün qolsuz bərabərlik də bəs edir. Cavab görüşündən öncə mətbuat konfransı keçirən Qriqorçuk maraqlı fikirlər səsləndirib.

 

- Rəqabəti artırmaq üçün dayaq yarımmüdafiəsinə yeni futbolçu cəlb etmək haqda düşünürsüzmü?

- Bizi əsas hücum xətti qayğılandırır. Həmin mövqeyə yeni oyunçu cəlb etməyi planlaşdırırıq. Təbii ki, digər mövqelərə də yeni futbolçu gətirmək istərdik. Bu, bütün məşqçilərin arzusudu. Amma maliyyə imkanları da nəzərə alınmalıdı. Heyətimizdə olan futbolçulara inanırıq. Onlar inkişaf prosesindədilər.

 

- Sabahkı görüş üçün B planınız varmı?

- Bizim üstünlük verdiyimiz oyun mövqe oyunudu. Yenə buna sadiq qalacağıq. Təbii ki, əks-hücuma keçməyi də bacarmalıyıq. Mən heç vaxt A və ya B planı sözünü işlətməmişəm. Öz aramızda danışırıq ki, sabah necə çıxış etməliyik? Bundan əlavə mümkün olan bütün variantları nəzərdən keçiririk. Rəqibin müdafiəsindəki boşluqları özümüzdə qeyd etmişik və sabah hücuma keçəndə bu da nəzərə alınacaq. Rəqibi yaxşı təhlil etmişik. Müdafiəyə gəldikdə ümumi şəkildə müdafiə olunuruq.

 

- “Lill” cavab görüşündə Ederin də xidmətindən istifadə edəcək. Ona qarşı futbolçularınız fərdi oynayacaqlar?

- Əgər bunu rəqibin baş məşqçisi dəqiq deyibsə, inanmaq olar (gülür). “Lill”in heyətində kifayət qədər təhlükəli futbolçular var. Ederin səviyəsinə bələdik, yaxşı futbolçudu. Biz ona görə oyunumuzu dəyişmək fikrində deyilik.

 

- Sabiq futbolçunuz Viktor Mendi “Qəbələ”yə dəstək olub. Sosial şəbəkədə paylaşdığı həmin videonu görmüsüzmü?

- Xeyr, görməmişəm. Amma ona minnətdaram. Mendi ilə birgə çalışdığımıza görə şadam. Dəstəyinə görə sağ olsun.

 

- “Lill” daha çox cinahlardan hücum qurur. Rəqibin bu üstünlüyünün qarşısını necə kəsməyi düşünürsüz?

- “Lill”in cinahdan üstünlüyə malik olmasını düşünmürəm. Birinci oyunda müdafiəni elə qurduq ki, onlar mərkəzdən yox, cinahdan hücum qurmalı oldular.

 

- “Qarabağ”ın dünən “Viktoriya” ilə keçirdiyi cavab görüşünə baxdızmı?

- Məşqimiz olduğu üçün “Qarabağ”ın oyununa canlı baxa bilmədim. Amma matçın epizodlarını gördüm. “Qarabağ” haqda yalnız xoş sözlər deyə bilərəm. Bu, futboldu. Layiq olmadıqları nəticə ilə üzləşdilər. Mən “Qarabağ”ı dəstəkləyirəm və onlara uğurlar arzulayıram.

 

- “Qəbələ”dən ayrılan sabiq köməkçilərinizlə əlaqə saxlayırsızmı?

- Köməkçilərlə həmişə danışıram. Onların burda olmadığına görə peşmanlıq çəkmirəm. Biz bu gün üçün yaşayırıq. Baş verənləri artıq fikirləşməyə dəyməz. Köhnə köməkçilərim isə hazırda işsizdilər, istirahət edirlər.

 

- Adətən hər oyundan öncə 5:0 hesablı qələbəyə söz verirsiz. Bunu “Lill” ilə matçdan əvvəl də edə bilərsizmi?

- Rəqiblərimiz dəyişsə də, bizim arzularımız dəyişmir. Yenə də istərdik ki, 5:0, 6:0 hesablı qələbələr əldə edək.