AFFA Dağlıq Qarabağda keçiriləcək turniri pisləyir
Avqustun 20-də CONIFA-nın (Müstəqil Futbol Assosasiyası Konfederasiyası) bayrağı altında futbol üzrə növbəti Avropa çempionatının Dağlıq Qarabağda keçiriləcəyi barədə qərar qəbul olunub. Turnir 2019-cu ilin iyununda Xankəndində keçiriləcək. Dəqiq tarixlər yaxın vaxtda elan ediləcək.
AFFA-nın bu yarışla bağlı mövqeyi necədi? Sport24.az-ın assosiasiyadan əldə etdiyi məlumata görə, keçiriləcək qitə birinciliyi ilə bağlı beynəlxalq futbol qurumlarına rəsmi müraciət olunacaq:
"2013-cü ildə İsveçdə təsis olunan CONIFA FIFA üzvü olmayan federasiyaların iştirakı ilə müəyyən turnirlər təşkil edən təşkilatdı. CONIFA ilk dünya çempionatını 2014-cü ildə təşkil etmiş və qondarma “Dağlıq Qarabağ” yığma komandası həmin turnirdə iştirak etmişdi. AFFA həmin dövrdə dərhal məsələyə reaksiya vermiş, FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin futbol federasiyasına etiraz məktubları ünvanlamışdı. CONIFA-nın tərkibinə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma respublikalar, müəyyən dövlətlərin ərazisindəki müstəqillik iddiası olmayan ərazilər, müxtəlif diasporaların yığma komandaları daxildi. AFFA 2019-cu ildə CONIFA-nın təşkilatçılığı ilə qondarma Dağlıq Qarabağ Respublikasında keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək, bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında elan olunmuş qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik".