“Şerif”in kapitanı: “Qarabağ"dan qisas almaq istəyirik”

“Qarabağ” Avropa Liqasının IV təsnifat raundunun ilk oyunu çərçivəsində Tiraspolda “Şerif”in qonağı olacaq. Moldova çempionunun kapitanı Mateo Suşiç Sport24.az-a verdiyi müsahibədə bu komandalar arasındakı həm ötənilki dueli xatırladı, həm məşqçi dəyişikliyi mövzusuna toxundu, həm də ötənilki “Şerif”lə indiki arasındakı fərqdən danışdı.

 

- Yenidən “Qarabağ”la üz-üzə gələcəksiniz, amma bu dəfə Avropa Liqasında...
- “Qarabağ” çox yaxşı komandadı. Fikrimcə, hər iki komanda üçün gərgin matç olacaq. Bizim artıq avrokuboklarda təcrübəmiz var. Ona görə də şansımız çoxdur ki, “Qarabağ” üzərində qələbə qazanaq. 

 

- Püşkatma zamanı “Qarabağ”a rəqib olacağınız ağlınıza gəldi?
-  Yox, o zaman bunu düşünmədim. Çünki Avropa Liqasının pley-off-unda oynayan heç bir komanda zəif deyil. Onsuz da kim olsaydı, bizi çətin qarşılaşmalar gözləyirdi. Təsadüfən yenidən Azərbaycan təmsilçisi ilə üz-üzə gəldik.


 
- “Qarabağ”dan qisas almaq kimi istəyiniz varmı?
-  Əlbəttə ki, var. Son ildə Çempionlar Liqası 3-cü təsnifat mərhələsində onlara uduzmuşduq. İndi qisas almaq istəyirik.  Ötən il uduzub Avropa Liqasında oynamışdıq və qrupa qədər irəliləmişdik. İndi isə bu şansımız yoxdur. Yəni uduzsaq, avrokuboklardan kənarda qalacağıq. Ona görə də mütləq qalib gəlməliyik. 

 

- “Qarabağ”ın Çempionlar Liqasındakı cari mövsümkü oyunlarını izlədinizmi?
-  Bəli, onların bir neçə oyununa baxmışam. BATE ilə oyunları daha diqqətli izlədim. İkinci matçda Azərbaycan təmsilçisi əla oynamışdı. Komanda bir çox futbolçularını göndərib, heyət yenidən qurulub. Amma oyun stili dəyişməyib. Eyni sistemlə çıxış edirlər. Yeni texnikalı futbolçular alıblar. Topla daha çox davranırlar. Düşünürəm ki, oyunlarımız ötənilki ilə oxşar olacaq.
 

- Hazırki heyətdən kimlər diqqətinizi çəkib?
- İndiki heyəti tam olaraq tanımıram. Düşünürəm ki, ilk oyundan sonra onları yadımda saxlayacam. İlk oyun da Tiraspolda olacaq. 

 

- Sizin də heyətiniz demək olar ki, bütünlüklə dəyişib. Ən əsas isə baş məşqçi Roberto Bordin komandadan gedib...
- Düzdür, Bordin burdan ayrıldı. Artıq 3 aydır ki, yeni məşqçi ilə çalışırıq. Yenə də yaxşı oyun göstəririk. Bir balaca taktikamızda dəyişikliklər olub. Yeni baş məşqçi Bordindən fərqli sistemlə oynadır komandanı. Onun öz dəsti-xətti var. İstənilən halda biz yaxşı komandayıq. 

 

- Bordin artıq Azərbaycanda çalışır...
- Bilirəm ki, Azərbaycanda çalışır. Amma onunla heç bir söhbətimiz olmayıb. Heç əlaqə saxlamamışam. 

 

- Bəlkə keçmiş komandası onun da qalan qisasını alsın deyə məlumatlar verə bilər? Çünki o, “Qarabağ”ı daha yaxından izləyir və sizinlə matçdan sonra Ağdam klubu Bordinin “Neftçi”si ilə üz-üzə gələcək...

- Ola bilər ki, o, bizim baş məşqçiyə hər hansı məlumatlar versin. Amma bunun üçün biz deyil, klub rəhbərliyindən kimsə onunla əlaqə saxlayacaq. Əgər belə bir şey olsa...