"Şerif"in baş məşqçisi "Qarabağ"ın Avropada parlaq çıxışından söz açdı: "Hücum futbolu oynamağı sevir"
"Qarabağ" çox yaxşı, güclü komandadı. Topla yaxşı davranır, hücum futbolu oynamağı sevir. Bu komanda Avropada özünü parlaq göstərdi. Buna görə bizə sabah çətin olacaq". Bu fikirləri "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan "Şerif"in baş məşqçisi Qoran Sabliç bildirib.
Keçirdiyi mətbuat konfransında jurnalistlər qarşısına çıxan 39 yaşlı xorvatiyalı mütəxəssis komandasının hazırkı durumu haqda məlumat verib: "Komandamızda hər şey normaldı, zədəli yoxdu. Bu gün baxacağıq ki, futbolçular hansı vəziyyətdədi. Bundan sonra matça heyəti müəyyənləşdirəcəyik. Başa düşürük ki, sabahkı matçda taktika planında kompromisə getməliyik. İki gün əvvəl ağır qarşılaşmamız oldu ki, hansında qalib gəldik və başqa cür oynamağı bacardığımızı da göstərdik. Sabah da çalışacağıq ki, meydana çıxaraq yaxşı nəticə əldə edək. Komandamızda atmosfer yaxşıdı".
Sabliç "Qarabağ"la matçda oyun modellərinin çempionatın son turunda "Milsami"yə səfərdə 2:0 hesabıyla udduqları qarşılaşmadakı kimi olacağını açıqlayıb: "Əks-hücumlarda hərəkət edəcəyik və müdafiədə çox yaxşı oynamalıyıq. Buna görə də heyətdə çox texnikalı və sürətli, topa yaxşı sahib olan futbolçular var. Görünür ki, rəqibin oyun strukturu yüksək səviyyədədi. Ancaq bununla belə, onların zəif tərəfləri də var. Bundan istifadə etmək üçün ən yaxşı keyfiyyətlərimizi göstərməyə çalışacağıq. Əlbəttə, çətin olacaq. Ən yaxşı futbolumuzu nümayiş etdirsək, qrup mərhələsinə düşmək şansımız olar. Sabah tam gücümüzü qoyacağıq".
Gənc mütəxəssisin fikrincə, rəqib əks-hücumda çıxış edəndə, onlara rahat olur: "Qarabağ" daha mövqeli və texnikalı futbol oynayır. İki müxtəlif fəlsəfəyə malik komanda qarşılaşır. Hər komandanın şansı var. Əvvəlcə evdə oynayırıq, buna görə azarkeşlərin dəstəyinə ümid edirik. Çalışacağıq ki, ən yaxşı oyunumuzu göstərək və bizə irəliləməyə imkan verəcək nəticəni qazanaq".