"Qarabağ"ın rəqibi kimdir?

“Qarabağ” Avroliqanın pley-off mərhələsində İsveçin “Qöteborq” komandası ilə qarşılaşacaq.

Olimpsport.az xəbər verir ki, “Qöteborq” İsveçin eyni adlı şəhərini təmsil edir. Klub 1904-cü ildə yaradılıb. Komandanın rəngləri mavi və ağdır. “Qöteborq” ev oyunlarını 18.416 nəfərlik “Gamla Ullevi” stadionunda keçirir.

“Höteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə “Allsvensken” liqasının qalibi olub. Rəqibimiz 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibidir. Ötən mövsümü ikinci pillədə başa vuran İsveç təmsilçisi bu mövsüm  16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Avropa Liqasına ilk mərhələdə "Qöteborq" Uels təmsilçisi "Llandudno"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, ikinci mərhələdə Polşanın "Piast" klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. III mərhələdə öz meydanında Finlandiyanın "Helsinki" klubuna 2:1 hesabıyla məğlub olan rəqibimiz səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.

Komandanın hazırki heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir.