"Qəbələ"nin rəqibini tanıyaq

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi baş tutub. Olimpsport.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə "Qəbələ" Sloveniyanın "Maribor" klubu ilə qarşılaşacaq.
Məlumat üçün bildirək ki, Maribor şəhərinin təmsilçisi 1960-cı ildə yaradılıb. 56 yaşlı klub 1991-ci ildən yaradılan Sloveniyanın yüksək dəstəsini tərk etməyən 3 komandadan biridi.
Buna qədər 13 dəfə ölkə çempionu, 9 dəfə ölkə kubokunu və 4 dəfə də Super Kubokunu qazanan "Maribor" ən uğurlu dövrü 1990-2000-ci illərə təsadüf edir.  Belə ki, 10 il ərzində "Qəbələ"nin rəqibi ardıcıl olaraq 7 dəfə ölkənin ən güclüsü olub və 3 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. 
Komanda ilk dəfə avrokuboklarda 1999-2000-ci illər mövsümündə çıxış edib.
"Qəbələ"nin rəqibi ev oyunlarıı 13 min nəfərlik "Lyudski vrt" stadionunda keçirir. 1962-ci ildə inşa edilən arena son olaraq 16 il əvvəl yenilənib. Komandanın baş məşqçisi Darko Milaniçdi. Sloveniya təmsilçisinin heyəti əsasən yerli futbolçulardan təşkil olunub. 

"Qəbələ"nin rəqibi cari mövsümdə pley-offa adlamaq üçün əvəvlcə Bolqarıstanın "Levski", daha sonra isə Şotlandiyanın "Aberden" klubunu mübarizədən kənarlaşdırıb.

Onu da bildirək ki, ötən həftə "Maribor" üzücü hadisə ilə sarsılıb. Belə ki, komandanın iki futbolçusu avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Bunlar 21 yaşlı serbiyalı hücumçu Zoran Baljak və ondan bir yaş kiçik olan sloveniyalı Damjan Maryanoviçdi. Avtomobildə olan 20 yaşlı serbiyalı qapıçı Lyubomria Moravka isə ciddi xəsarət alıb. Onun durumunun yaxşı olmadığı bildirilir.