Rey Farruciya: "Bunu bacarsaq, müsbət nəticə qazana bilərik"
Malta millisinin baş məşqçisi Rey Farruciya Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla sabah baş tutacaq oyun öncəsi mətbuat konfransı keçirib. 63 yaşlı mütəxəssis media mənsubları qarşısına millinin forvardı Andre Şembriylə (A.Ş.) birlikdə gəlib.
- Qrupdakı ilk oyun bizi bir qədər məyus edib. Pis oynadıq və buna uyğun da nəticə aldıq. İndi bu oyunu unutmalıyıq, gələcəyə baxmalıyıq. Bütüb fikirlərimiz Azərbaycanla qarşılaşmaya yönəlib.
- (A.Ş.) Farer adalarındakı nəticə bizi üzür. Azərbaycan güclü rəqibdi, lakin biz uğurlu nəticə qazanmağa çalışacağıq. Başa düşürük ki, bunu həyata keçirmək müşkül məsələdi.
- Ötən oyundakı məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Buraxılan səhvlər nəticəni müəyyənləşdirdi. Taktiki cəhətdən komandam pis deyildi, yetərincə qol epizodlarımız da oldu. Ancaq səhvlərimiz bizə baha başa gəldi. Yetirmələrimə demişdim ki, heç kəs onları öldürməyəcək. Futboldan zövq alın və yaxşı oyun nümayiş etdirməyə çalışın.
- Azərbaycan – Kosovo matçını yəqin ki, izləmisiniz. Azərbaycan barədə düşüncələrinizi bilmək istəyərdik.
- Bəli, həmin qarşılaşmanı izləmişəm. Sabahkı rəqibimiz olduqca yaxşı komandadı. Xüsusilə, braziliyalını (Riçard Almeyda-müəl.) qeyd edərdim. Azərbaycanın oyun dəst-xəttini məhz o müəyyənləşdirir. Sabah hər iki komanda qalib gələ bilər. Ancaq qeyd etməliyəm ki, Azərbaycan çox ciddi rəqibdi.
- Azərbaycan yığmasının hansı özəlliklərini qeyd edə bilərsiniz?
- Onlar Farer yığmasından fərqli futbol oynayırlar. Bu görüşə yaxşı hazırlaşmışıq. Adalılarla oyundakı səhvləri təkrar etməməliyik. Bunu bacarsaq, müsbət nəticə qazana bilərik.