Yeniyetmə güləşçilərimiz İstanbuldan 7 medalla qayıdır
08-09 sentyabrda Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında "14-cü Türk Dünyası Fevzi Şeker" adlı ənənəvi beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyası tərəfindən komandaya rəhbərlik etmək əməkdar məşqçi Ramin Allahverdiyevə həvalə olunub. Onun rəhbərliyi altında yarışda 8 idmançı ilə təmsil olunan Azərbaycan komandası 7 (3 qızıl, 3 gümüş, 1 bürünc) medal qazanmaqla komanda hesabında ikinci olub. Türkiyə millisinin birinci olduğu turnirdə Makedoniya komandası 3-cü yerlə kifayətlənib.
Olimpsport.az turnirdə nəticə qazanmış idmançılarımızın siyahısını təqdim edir:
Səbuhi Yunusov (45 kq) - qızıl
Nürəddin Novruzov (48 kq) - qızıl
Fərhad Kərimli (60 kq) - qızıl
Riad Aslanov (55kq) - gümüş
Tehran Əliyev (60 kq) - gümüş
Vahid Əlizadə (65 kq) - gümüş
Müştəba Məmmədov (55 kq) - bürünc
Xatırladaq ki, 10 ildir davamlı olaraq Azərbaycan komandası bu turnirə dəvət alır və uğurla çıxış edir.
Yarışda ölkəmizi tək idmançılar təmsil etməyib. Belə ki, turnir Dünya Güləş Birliyinin ( UWW) təqvimində yer aldığından beynəlxalq dərəcəli hakim Tural Əliyev də yarışlarda ölkəmizin şərəfini qoruyub. Ədalət təmsilçisi yüksək səviyyədə hakimlik etdiyinə görə təşkilatçılar tərəfindən təşəkkür diplomuna layiq görülüb.
Qeyd edək ki, turnirin baş tutmasında və təşkilatında böyük əmək sərf edən Xalil İbrahim Oktay Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb. Fəxri diplomu İbrahim Oktaya komandamıza rəhbərlik edən Ramin Allahverdiyev təqdim edib.