Yeni komitə sədrimizi tanıyaq - 106 dəqiqəlik matç idarə edən, əfsanəvi futbolçunu qovan yeganə hakim

Avstriyalı Fritz Stuxlik Azərbaycan futbolunun tarixinə düşüb.  52 yaşlı keçmiş FİFA referisi 1992-ci ildən fəaliyyət göstərən AFFA Hakimlər Komitəsinin ilk əcnəbi sədri olub. Məlumdur ki, AFFA İcraiyyə Komitəsinin iclasında həmin komitənin Hakim-İnspektorlar Komitəsiylə birləşdirilməsi ilə bağlı qərar çıxarılıb. Bununla da Xaqani Məmmədovun Hakimlər Komitəsində sədr erası başa çatıb.

 

1966-cı ilin noyabrın 11-də Vyanada anadan olan, hakimliyə 16 yaşında başlayan Stuxlikin peşəkar karyerası bundan 10 il sonra start götürüb. O, ilk təyinatını1992-ci ildə aldığı Avstriya Bundesliqasında 17 mövsüm keçirib. Bu, 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər dövrü əhatə edib.

 

Stuxlik 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərərək Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.
 

Hakimliyi bitirəndən sonra Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olan Stuxlik həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb. O, 2010-cu ildən FIFA/UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdı.

 

Stuxlikin hakimlik karyerasına maraqlı məqamlar var. Belə ki, o, Avstriya Bundesliqasının tarixinə ən uzunmüddətli matçı idarə edən hakim kimi düşüb. Bu, 2009-cu ilin aprelin 25-də "Mattersburq"la "Kapfenberq" arasında görüşdü. Birincilərin 3:1 hesablı qələbəsiylə nəticələnən bu qarşılaşma 106 dəqiqə davam edib. Stuxlik bu matda 14 vərəqə göstərib ki, bunun 13-ü sarı, 1-i qırmızı olub. Yeni komitə sədrimiz Avropa futbolu tarixinə isə əfsanəvi uelsli futbolçu, hazırda millisinin baş məşqçisi olan Rayan Giqqzi meydanda qovmuş yeganə hakim kimi düşüb.