Elxan Məmmədov: "Yeni komitə sədrimiz öz strategiyasını təqdim etdi və yaxın vaxtlarda tətbiq edəcək"
"Bu müzakirə çoxdan gedirdi. İcraiyyə Komitəsinin iclasında qərar rəsmiləşdi. Komitəyə avstriyalı sədr təyin olundu". Bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin (İK) iclasından sonra keçirdiyi brifinqdə bildirib.
O, birləşdiirlən Hakimlər və Hakim-İnspektorlar Komitəsinə sədr təyin olunan, 3 illik müqavilə imzaladıqları avstriyalı Fritz Stuxlikin çox təcrübəli mütəxəssis olduğunu, uzun müddət FİFA və UEFA Hakimlər Komitəsində çalışdığını bildirib: "İclasda iki məsələ müzakirə etdik. Bu, ilk növbədə hakimlik strukturunda dəyişikliklə bağlıdı. Bu, çoxdan müzakirə olunurdu. İndi Hakimlər və Hakim-İnspektorlar Komitəsi artıq birləşdirilib və ora yeni sədr də təyin etdik. Fritz Stuxlik tanınmış hakim olub, hakimlik strukturunda müxtəlif vəzifələrdə olub. İcraiyyə Komitəsinin üzvləri onun namizədliyini dəstəklədilər. Yeni strategiya hakimliklə bağlıdı. UEFA ilə məsləhətləşdik və onlar bizə bir neçə varinat təklif etdilər. Stuxlikin üzərində dayandıq. O, ölkəmizə hakimliyin inkişafı ilə bağlı öz konsepsiyasını təqdim etdi və yaxın vaxtda təqdim edərək. Bizim üçün gələcəkdə daha yaxşı hakimlərin olması vacibdi. Çünki dünyaca məşhur hakimlərimiz olub. 1966-cı il dünya çempionatında Tofiq Bəhramov vacib və doğru qərar qəbul edib. Bizə növbəti illərdə vacib oyunları idarə edəcək hakimlərin yetişdirilməsi vacibdir. Master-klasslar ola bilər. Bizə lazımdır ki, hakimlərimiz gələcəkdə böyük yarışlarda Azərbaycanı təmsil etsinlər".
Məmmədov yeni komitənin İK-ya tabe olacağını söyləyib: "Çalışacağıq ki, yeni sədrlə ayda bir dəfə görüş keçirək. Komitələrin əvvəlki rəhbərlərinə minnətdarıq. Onlar bu illərdə işlər görüblər. Gələcəkdə digər məsələlərdə xidmətlərindən istifadə edəcəyik ki, futbolda qalsınlar".
Məmmədov Stuxlikin köməkçilərini yeni komitənin seçəcəyini söyləyib: "Növbəti iki həftə ərzində namizədlərlə görüşlər keçirəcək və növbəti İcraiyyə Komitəsində üzvlər təsdiqlənəcək".
Baş katib iclasda ikinci məsələ olan lisenziyalaşdırılmaya da toxunub: "Əvəzedici komandanın yarışlarda iştirakı meyarı "A" dərəcədən "B" dərəcəli meyara keçirilib. "A" mütləq idisə, "B"də klub əvəzediciləri yüksək kateqoriyada saxlamağa məcbur deyillər".