Gənclər və İdman Nazirliyində 1964-cü il Tokio Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə bürünc mükafatçısı, dünya və Avropa çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti Aydın İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mərasimdə səbəbkarın özü ilə yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri - Çingiz Hüseynzadə, Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə yubilyarın həyatını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra İ.İsmayılov A.İbrahimovu gənclər və idman naziri Azad Rəhimovun adından təbrik edib: “Azərbaycan güləşinin əsasını təşkil edən insanlardan birinin yubileyində iştirak edirik. Nazirlik adından sizi təbrik edirəm. Güləş xalqımız tərəfindən sevilən idman növüdür. Aydın müəllim dünya və Avropa çempionatının qalibidir. O, həmçinin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bu gün də Azərbaycan güləşi sağlam təməl üzərində dayandığı üçün davamlı uğurlar əldə olunur. Bizim Namiq Abdullayev, Fərid Mansurov kimi olimpiya, dünya və Avropa çempionlarımız var”.
Ç.Hüseynzadə A.İbrahimovun keçdiyi həyat yolundan söhbət açıb, onun karyerasındakı uğurları vurğulayıb: “1964-cü il olimpiadasında Azərbaycandan olan idmançılar 6 medal qazanmışdılar. Onlardam biri də İbrahimov əldə etmişdi. Yubilyar bu gün də Azərbaycan idmanına öz töhfəsini verə bilər. Güləşçilərimizin onun tövsiyyələrinə ehtiyacı var”.
Çıxış edən digər şəxslər də A.İbrahimovu Azərbaycan güləş tarixinin ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə ediblər. Yubilyarın nailiyyətlərindən söhbət açan natiqlər ona təbriklərini çatdırıblar. Çıxışlardan sonra yubilyara hədiyyələr təqdim edilib. Yekunda A.İbrahimov özü ürək sözlərini çatdırıb. Özüm də bilirəm ki, yaxşı güləşmişəm (gülür - red.). Amma danışmaqda bir az çətinlik çəkirəm. Dövlət güclü olursa, onun idmanı da güclü olur. Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya idmana göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm ki, idmanmızı dünyada bu cür yüksək səviyyəyə gətiriblər. Bütün medal və mükafatlarımı Milli Olimpiya Komitəsinə hədiyyə edirəm”.
Qeyd edək ki, Aydın İbrahimov 17 sentyabr 1938-ci ildə Gəncə şəhərində dünyaya gəlib. O, 1963-cü ildə güləş üzrə ilk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb, 1966-cı il Avropa çempionatın qalibi və “Tokio-1964”ün bürünc medalçısıdır. Yubilyar 1988 - 1997-ci illərdə rəhbərlik etdiyi “Neftçi” ilə müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub və sonra daha iki dəfə ölkənin ən güclüsü adını qazanıb. O, həmçinin iki dəfə Azərbaycan Kubokunun qalibi olub.