""Neftçi"ni indidən siyahıdan silmək lazım deyil"-Ruslan Qurbanov
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri səfər oyunu öncəsi müsahibəsi:
- Mövsümün açılışına hazırsınız?
- Ciddi hazırlaşmışıq. AZAL yaxşı komandadır. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Amma biz mövsümə qələbə ilə başlamaq istəyirik.
- "Neftçi" ötən mövsüm bu komanda ilə oyunlarda çox çətinliklərlə üzləşdi...
- Elədir. AZAL-a qalib gəlmək çox çətindir. Amma biz ötən mövsüm buraxdığımız səhvlər üzərində çalışmışıq.
Avroliqadakı uğursuz çıxışı, komandanın Bakıda azarkeşlər tərəfindən necə qarşılandığını nəzərə alsaq, yeni mövsümə psixoloji cəhətdən tam hazırsınız?
- Ağır idi. Amma futbolda belə hallar olur. Hər şeyi geridə qoymaq və irəliyə baxmaq lazımdır.
"Neftçi"nin yeni hücumçusu - Katalin Tira barədə nə deyə bilərsiniz?
- Klub onu alıbsa, deməli, nəsə bilir. Ümid edirim ki, o, komandamıza faydalı olacaq. Hər şeyi zaman göstərəcək.
Onun gəlişindən sonra sizin ehtiyatda qalacağınız ehtimal olunur...
- Hansımızın meydana çıxacağına baş məşqçi qərar verəcək.
"Neftçi"nin yeni mövsümdə çempion olması mümkündür? Sizə elə gəlmir ki, bu, əsl möcüzə olar?
- Niyə möcüzə olur ki? "Neftçi"ni indidən siyahıdan silmək lazım deyil. Ola bilər ki, son dövrlər bizi uğursuzluqlar izləyir. Amma bunlar müvəqqətidir. Çatışmazlıqlarımız üzərində çalışmışıq. "Neftçi" həmişə çempionluğa oynayıb. Yeni mövsümdə də belə olacaq.
Avroliqadakı təmsilçimiz "Qəbələ" yoluna inamla davam edir. Amma ÇL-dəki təmsilçimiz "Qarabağ" qitənin ən nüfuzlu klub turnirini tərk etdi və Ağdam klubu da Avroliqada çıxış edəcək. Onların uğursuzluğunu necə qarşıladınız?
- "Qarabağ"ın son dəqiqələrdə qol buraxması çox üzücü idi. Amma eybi yox. Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqla hər şeyi unutdurarlar. Hər iki komandamıza azarkeşlik edəcəyəm. Azərbaycan təmsilçilərinə uğurlar arzulayıram. (Azerisport)