Bakıda dünya çempionatının açılış mərasimi keçirildi
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Mərasimdə ölkə prezidenti İlham Əliyev, 1-ci vitse-prezident Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev iştirak edib.
125 ölkənin təmsilçisinin iştirakı ilə keçirilən yarışdan öncə komandaların tanıdıcı çarxı nümayiş olunub. Daha sonra Beynəlxalq Cüdo Federasiyasinin prezidenti Marius Vizer və Rövnəq Abdullayev çıxış edib. Abdullayev cüdoçuları və iştirakçıları salamlayaraq, idmançılara uğurlar arzulayıb:
“Prezident İlham Əliyevin idmana verdiyi dəstək nəticəsində idman sahəsi günü-gündən daha da inkişaf edir. Azərbaycan beynəlxalq qurumların etimadını qazanıb və bir çox idman oyunlarına ev sahibliyi edib. Buna 2015-ci ildə keçirilmiş Avropa oyunları, 2017-ci ildəki İslam Oyunları və digər yarışları misal göstərmək olar. Bu gün də cüdo üzrə dünya çempionatına ev sahibliyi edirik.
Artıq deyə bilərik ki, cüdo Azərbaycanda populyar idman növlərindən biridir və Azərbaycanın bütün bölgələrində bu idman növündə idmançılar yetişir. Dünya çempionatının Azərbaycanda keçirilməsi cüdosevərlər üçün əsl bayramdır. İnanıram ki, yarış iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaq”.
Marius Vizer isə bunları deyib:
“Azərbaycan bir çox Avropa və dünya yarışlarını keçirərək, dünyada güclü və yaxşı idman oyunları keçirən ölkə kimi tanınıb. Ümid edirəm ki, bu yarışdan hər kəs xoş təəssüratlarla ayrılacaq. Bakıdan həzz alacaqsız”.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.