Azərbaycan yığmasından DÇ-də ilk medal

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü yarış günü geridə qalıb. 

 

57 kq çəki dərəcəsində yarışan qadın idmançımız İçinxorlu Munxtsedev 1/32 finala təsadüf edən ilk görüşündəcə mübarizəni dayandırıb. Monqol legionerimiz almaniyalı Ameli Ştola ipponla uduzub.

 

73 kq-da dünya çempionluğuna namizədlərimiz Rüstəm Orucovla Hidayət Heydərov da mübarizəyə qoşulub. Dünya reytinqində 2-ci pillədə yer alan Rüstəm əvvəlcə misirli Məhəmməd Mohyeldini, sonra BƏƏ-ni təmsil edən moldovalı Viktor Skvortsovu ipponla məğlub edib, lakin 1/8 finalda monqolustanlı Tsoqtbaatar Tsend-Oçirə qızıl xal hesabında məğlub olaraq mübarizəni dayandırıb.

 

Dünya reytinqində 4-cü sırada yer alan Hidayət isə ilk turda iraqlı Saccad Seheni, daha sonra Çernoqoriyanı təmsil edən fransalı Sedrik Bessini ipponla məğlub edib. O, 1/8 finalda tacikistanlı Bəhruzi Xocazadəni qızıl xal hesabında məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Hidayət 1/4 finalda digər Monqolustan təmsilçisi Odbayar Qanbaatarı vazari balı hesabına yenərək yarımfinala adlayıb. Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub.

 

O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşıb. Bu rəqibinə vazari xalı ilə qalib gələn Azərbaycan idmançısı bürünc medal qazanıb.

 

Bununla da Azərbaycan yığması dünya çempionatında ilk medalını əldə edib.