Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib.
Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində finalda Nekoda Smite-Davisə (Böyük Britaniya) qalib gələn Tsukasa Yoşida (Yaponiya) dünya çempionu olub.
Kişilər arasında 73 kiloqram çəki dərəcəsində finalda yaponiyalı Soiçi Haşimoto və Koreya Respublikasının cüdoçusu Çanqrim An üz-üzə gəliblər. Görüş koreyalı idmançının qələbəsi ilə yekunlaşıb.
Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Hidayət Heydərov Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gələrək bürünc medal qazanıb.
Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.