Bu gün FIFA dünyanın ən yaxşı baş məşqçisi və futbolçusunun adını açıqlayacaq
Bu gün FIFA Böyük Britaniyanın paytaxtı Londonda “The Best” mükafatının qaliblərini açıqlayacaq.
Bakı vaxtı ilə saat 22:30-da start götürəcək tədbirdə 2018-ci ilin ən yaxşı baş məşqçisi və futbolçusu elan olunacaq.
Mərasimə FIFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb.
Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və "The Best" adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib. 46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də "Qəbələ" ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib. Tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert yollanıb.
FIFA-nın fərqli nominasiyalar üzrə təsis etdiyi "The Best" mükafatında 2018-ci ilin ən yaxşı futbolçusu adına xorvatiyalı Luka Modriç ("Real Madrid"), misirli Məhəmməd Salah ("Liverpul") və portuqaliyalı Kriştianu Ronaldu ("Yuventus") namizəddir. Ən yaxşı baş məşqçi isə fransalılar - Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) və ya Zlatko Daliç (Xorvatiya millisi) seçiləcək.
Tədbirdə ən yaxşı qadın baş məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa, FIFA-nın “Fair Play” müskafatı təqdim edəcək. Həmçinin, FIFA/FIFPro World 11 versiyasına əsasən, ilin simvolik komandası açıqlanacaq.
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Bu dəfə son 12 ildə ilk dəfə olaraq Argentina millisinin və İspaniyanın “Barselona” komandasının hücumçusu Lionel Messi ən yaxşı futbolçu nominasiyası üçün yekun siyahıda yer almayıb.