FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO
FİFA 2018-ci il üçün “The Best” mükafatının qaliblərini elan edib. İngiltərənin paytaxtı Londonda baş tutan mükafatlandırma mərasimində əvvəlcə ilin ən yaxşı qolunun müəllifi açıqlanıb. Bu, İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah olub. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.
Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Fransa millisinə rəhbərlik edən Didye Deşam 2018-ci ilin ən yaxşı məşqçisi elan olunub. Onun rəhbərlik etdiyi komanda Rusiyada keçirilmiş son dünya çempionatının qalibi olub. Deşam İspaniyanın “Real” klubuna Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.
İlin ən yaxşı qapıçısı Belçika yığmasının və Madrid “Real”ının qapısını qoruyan Tibo Kurtua seçilib. O, Fransa millisinin və İngiltərənin "Tottenhem" klubunun qapıçısı Huqo Loris, eləcə də "Lester"in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyxeli üstələyib.
Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransanın “Olimpik” (Lion) klubuna Çempionlar Liqasını qazandırıb. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.
Ən yaxşı fanat nominasiyasında Peru azarkeşləri birinci yeri tutub.
"Feyr pley" mükafatına Türkiyənin "Ərzurumspor" klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb.
Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, Nqolo Kante, Luka Modriç, Kriştiano Ronaldo, Kilian Mbappe, Lionel Messi. Ronaldo və Messi mükafatlandırma mərasimində iştirak etməyib.
Ən yaxşı qadın futbolçu adına 6-cı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın "Orlando Prayd" klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq ("Olimpik”, Lion, Fransa, Norveç) və Cenifer Marojanı ("Olimpik”, Lion, Fransa, Almaniya) üstələyib.
Nəhayət, ilin ən yaxşı futbolçusu açıqlanıb. FİFA prezidenti Canni İnfantino mükafatı İspaniyanın "Real” klubunun və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriçə təqdim edib. Modriç İngiltərə "Liverpul"unun misirli hücumçusu Məhəmməd Salah və hazırda İtaliya "Yuventus"unda çıxış edən portuqaliyalı forvard Kriştiano Ronaldodan üstün hesab edilib.