Dadaşovdan het-trik
Futbol üzrə Almaniya 3-cü Liqasında 9-cu turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Hanza Rostok”la qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 4:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
Komandasının vurduğu qollardan üçünə millimizin sabiq forvardı imza atıb. O, 2, 6 və 65-ci dəqiqələrdə fərqlənməklə het-trikini rəsmiləşdirib.
Dadaşovun komandası 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.