Ruslan Abışov yenidən Almaniyaya yollanacaq: "Tələsmək istəmirəm"
"Almaniyada əməliyyat olunmağımdan bu gün 8 həftə keçir. Bərpa prosesimi həkimlərin nəzarəti altında uğurla davam etdirirəm. Çalışıram ki, reabilitasiya dövründən səmərəli istifadə edim". Bu fikirləri açıqlamasında "Neftçi"nin kapitanı Ruslan Abışov bildirib.
"Ağ-qaralar"ın 2 ay öncə Avropa Liqasının I təsnifat mərhələsinin Macarıstanın “Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı. Bundan sonra Almaniyada əməliyyat olunan 31 yaşlı müdafiəçi hazırda Bakıda bərpa prosesi keçir: "Şükür Allaha, hər şey qaydasında gedir. Hazırda özümü yaxşı hiss edirəm. Əsas diqqətimi ayaqlarımda gücün yığılmasına yönəltmişəm. Futbolçu üçün ağır zədədən, əməliyyatdan sonra ilk növbədə ayaqlarının güclü olması vacibdi. Planımız budur ki, oktyabrın son həftəsində Almaniyaya yollanıb yenidən müayinə olunum, ordakı həkimlər bərpa prosesindən sonra vəziyyətimlə tanış olsunlar. İnşallah, hər şey qaydasında olsa, noyabrda topla çalışmalara başlamağı planlaşdırıram".
Belə gedişlə kapitanı artıq qış fasiləsinədək yaşıl meydanda görə bilərikmi? Ruslanı dinləyək: "Əlbəttə, futbol üçün çox darıxmışam. Xeyli vaxtdı yaşıl meydandan kənarda qalmağım mənə pis təsir edir. Oynamaq, komandama kömək etmək arzusundayam. Ancaq eyni zamanda ağır zədədən sonra tələsmək istəmirəm. Yanvardakı təlim-məşq toplanışımızadək hazır olub orda tam gücümlə çalışmaq, mövsümün ikinci yarısına hazır olmaq fikrindəyəm. Klub rəhbərliyinin, komanda yoldaşlarımın, azarkeşlərimizin dəstəyini hər zaman hiss edirəm. Bu, mənə əlavə stimul verir. Baş məşqçimiz Roberto Bordinlə də tez-tez bazada görüşürəm, söhbətləşirik, mənə dəstək verir, tövsiyələrini çatdırır".
Məlumdu ki, Abışovun yoxluğunda onu müdafiənin mərkəzində bunadək sol cinah müdafiəçisi mövqeyində çıxış edən Anton Krivotsyuk əvəzləyir. "Neftçi"nin qış fasiləsində daha bir mərkəz müdafiəçisi alması gündəmdədi ki, bu da həmin mövqedə rəqabəti daha da artıracaq. Ancaq Ruslan özünə inanaraq əsas heyətə qayıdışında problem olmayacağını düşünür: "Anton həm komandamızda, həm də U-21-də mərkəz müdafiəçisi kimi çıxış edərək inamlı təsir bağışlayır. Klubumuzda belə bir gənc futbolçunun olması, əsas heyətdə yerini möhkəmlətməsi bizi sevindirir. İnşallah, mən də qayıdandan sonra yenidən birgə çıxış edərik və komandamıza vacib matçlarda, mövsümün həlledici mərhələsində yardımçı olarıq".
Təcrübəli futbolçu oynamamasına nə qədər üzülsə də, komandasının turnir cədvəlinə başçılıq etməsinə bir o qədər sevinir: "Əlbəttə, "Neftçi"nin çempionatda uğurlu start götürməsi, hazırda 1-ci yerdə olması hamı kimi məni də sevindirir. Hesab edirəm ki, bundan da yaxşı çıxış edə bilərik. Çünki komandamızın buna potensialı var. Əsas rəqiblərimizdən olan "Qarabağ" artıq 5-ci ildir dalbadal həm daxili yarışlarda uğur qazanır, həm də avrokuboklarda qrup mərhələsində çıxış edir. Geniş heyəti var və hər iki "cəbhə"də mübarizə aparmaqla bağlı təcrübəyə malikdir".