“Arsenal” Bakı səfəri öncəsi kubokda mərhələ adladı
Futbol üzrə İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunları keçirilib. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal” da bu turnirdə növbəti matçına çıxıb.
London təmsilçisi Çempionşipdə mübarizə aparan “Brentford”la qarşılaşıb. Görüş Unai Emerinin yetirmələrinin inamlı qələbəsi ilə başa çatıb - 3:1.
“Arsenal”ın heyətində Deni Uelbek dubla imza atıb (5 və 37-ci dəqiqələrdə). “Topçular”ın sonuncu qolunu isə 90-cı dəqiqədə Aleksandr Lakaset vurub.
Bununla da “Arsenal” Bakı səfəri öncəsi Liqa Kubokunda növbəti mərhələyə adlamağın sevincini yaşayıb.
Xatırladaq ki, “Arsenal” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda “Qarabağ”ın qonağı olacaq.