Hidayət Heydərov: "Heç bir idmançımız zəif deyildi"

"Fərdi mübarizədə finala vəsiqə qazana bilərdim. Qarışıq komanda yarışında da pis çıxış etmədik. Medal gözləyirdik. Qrupumuz da çətin idi, 5-ci yeri tutduq. Cüdoçularımızın hamısı medal qazansaydı, daha yaxşı olardı".

Bunu Azərbaycanın cüdo üzrə qarışıq komandasının üzvü Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşdə Rusiyaya 1:4 hesablı məğlubiyyətdən sonra deyib.

Fərdi yarışda bürünc medal qazanan 21 yaşlı idmançı Azərbaycanın digər cüdoçularının da çıxışlarını dəyərləndirib: "Heç bir idmançımız zəif deyildi. Hamısı yaxşı formada idi. Orxan Səfərov görüşə çıxanda özündən bir az razı idi. Rəqibi məğlub edə bilərdi. Amma boşluğa düşdü və yıxıldı. Halbuki ən azı finalda güləşməya layiq idi. Hakimlər digər idmançılarımıza qarşı çox haqsızlıq etdilər. Nicat Şıxəlizadə də haqsızlıqla üzləşdi. İdmançılarda çatışmayan cəhətlər də var idi, ona görə də məğlub oldular".

73 kq çəkidə çıxış edən cüdoçu qarışıq komanda yarışındakı məğlubiyyətlərini qadınların zəif çıxışı ilə əlaqələndirib: "Qarışıq komanda yarışında əvvəl beş oğlan mübarizə aparırdı. Qızlar da yaxşı mübarizə aparsaydılar, nəinki medal, hətta finala da vəsiqə qazana bilərik. Qadın cüdoçularımız əvvəl lap zəif çıxış edirdilər. Məşqçi Natiq Bağırov onların üzərində çalışıb. İndi bir az yaxşıdırlar. İnanıram ki, gələcək yarışlarda daha da yaxşı olacaqlar".