Şamaxıda Oleq Krapivinlə görüş
Şamaxının Heydər Əliyev Mərkəzində “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Oleq Krapivinin anadan olmasının ildönümü münasibətilə görüş keçirilib. Öncə tədbir iştirakçıları ümummilli liderin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Çıxış edən Şamaxı rayon icra başçısının müavini Gülnisə Ələkbərova ölkəmizdə idmana göstərilən dövlət qayğısı və şamaxılı idmançıların qazandığı nailiyyətlər barədə danışıb. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiq, Oleq Krapivinin idmanda qazandığı nailiyyətlərdən əlavə yüksək insani keyfiyyətləri barədə də məlumat verib.
Onun yeni nəsil güləşçilərin yetişməsində xüsusi rol oynadığını diqqətə çatdıran gənclər və idman nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Şamaxıda güləşçilərin yaxşı hazırlıq keçməsi üçün hər cür şəraitin yaradıldığını deyib.
Güləş federasiyasının vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev səbəbkarın ölkədə güləşin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyib və pəhləvanlarımızın beynəlxalq arenada yüksək səviyyədə çıxış etdiyini diqqətə çatdırıb.
Sonda Oleq Krapivin xoş sözlərə görə minnətdarlığını bildirib və həmişə ölkəmizdə idmanın inkişafında yaxından iştirak edəcəyini deyib.