Voleybolçularımız Rusiyaya uduzdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında növbəti oyununu keçirib.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv III tur çərçivəsində Rusiya yığması ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb – 3:0. İlk 2 setdən 25:21 hesablı üstünlüklə ayrılan qonşu ölkə voleybolçuları sonuncusunu daha az fərqlə öndə bitirib - 25:22.

Oyunun ən məhsuldar voleybolçusu Azərbaycan millisinin üzvü Polina Rəhimova olub. O, 19 xal toplayıb və Rusiyanın heyətindəki ən çox xal toplayan Natalya Qonçarovanı 2 xal üstələyib.   

Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci məğlubiyyəti olub. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk turda ABŞ-a da eyni hesabla uduzub. Ötən tur isə Cənubi Koreya üzərində qələbə qazanmaq mümkün olub - 3:1.

Bu qələbədən sonra xallarını 8-ə çatdıran Rusiya C qrupunda liderliyə yüksəlib. Azərbaycan isə 3 xalla 4-cü sıradadır. Qrupda turun digər matçlarında Trinidad və Tobaqo Tailandla, ABŞ Cənubi Koreya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 3-də Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq. Oktyabrın 4-də saat 11:10-da isə rəqib Tailand olacaq.