I divizion liderinin prezidenti: “Bu, iyrənc bir şeydi”

Bu gün Məşqçilər Komitəsi 1-ci divizon klublarının rəhbərləri və çalışdırıcıları ilə görüş keçirdi. “Bakı”nın bazasında təşkil olunan tədbirdən sonra divizionun lideri “Neftçala”nın prezidenti Famil Səfiyev"Olimpsport.az"-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Tədbir barədə fikirlərinizi bilmək istəyərdik.
- Görüş olduqca səmərəli keçdi. Çoxsaylı məsələlər müzakirə olundu. Hesab edirəm ki, bu cür görüşlər tez-tez təşkil olunmalıdı. İlk dəfəydi ki, belə bir görüş keçirilirdi.

- Komandanızın Premyer Liqada oynamaq istəyi hər cümlədən aşkar sezilirdi...
- Gəlin tələsməyək. Bəli, Premyer Liqada oynamaq istəyirik. Amma hələ çempion olmamışıq. Hər şeyə çempionat başa çatdıqdan sonra aydınlıq gələcək. Klub rəhbəri olaraq bildirmək istəyirəm ki, biz Premyer Liqada oynamağa qadirik. Bəli, çatışmazlıqlarımız var. Bu problemləri də mərhələ-mərhələ aradan qaldırırıq.

- Birinci divizionda oyun alqı-satqısının olması barədə xeyli materiallar dərc olunub. Bu mövzuya dair fikirlərinizi bilmək maraqlı olardı...
- Öz klubmuzun adından deyə bilərəm ki, biz danışılmış oyunları qəbul etmirik. Bu, iyrənc bir şeydi və futbolumuzun geriləməsini şərtləndirən faktordu. Bu cür əməllərə əl atan insanlar Azərbaycan futbolunun inkişafını istəməyənlərdi. Kimsə gəlib klubmuzun bu cür oyunlara getməsini bizə deyə bilərsə, ömürlük futboldan çıxıb gedərik. Çünki biz bu işin içində deyilik və buna qol qoyanları qınayırıq.

- Divizionda oyunların bukmeker kontoruna pul yatırmaqla həll olunması heç kimə sirr deyil. Ancaq “Şərurspor”un baş məşqçisi Məmmədəli Qəniyevin çıxışını dinləyərkən, bir dəsmal götürüb ağlamaq, bu kluba fantastik şəffaflıq nümayiş etdirdiyinə görə humanitar yardım etmək istəyirdik...
- Klubumuzun himayədarı cibinin pulunu xərcləyir. “Neftçala”ya haram pul daxil olmayıb. Bunu tam məsuliyyətlə bildirirəm. Heç bir kəs deyə bilməz ki, futbol oynamayıb, futbolla oynamışıq. Biz təmiz futbolumuzu oynamışıq. 

- Fikir mübadiləsi zamanı bir məqam da diqqətimi çəkdi. Məşqçilər Komitəsinə üzünüzü tutaraq, çempion olacağınız təqdirdə Premyer Liqaya buraxılmanızı xahiş etdiniz və bundan sonra stadionunuzu tələblərə uyğun təmir etdirəcəyinizi bildirdiniz. Axı, bu, düzgün yanaşma deyil. Lisenziya şərtlərində açıq-aydın yazılıb ki, əvvəlcə standartlara cavab verən infrastruktur qurulmalı, sonra vəsiqə verilməlidi.
- Problem tək stadionla bağlı deyil. Biz kluba göstərilən qayğını Premyer Liqada daha da artıracağımızı bildirdik. Demirik ki, çempionluğa oynayan komanda formalaşdıracağıq, amma qənaətbəxş nəticələr verə bilən bir komandayla təmsil olunacağımızı əminliklə söyləyirik. Sadəcə, Premyer Liqadakı iştirakımız dəqiqləşdikdən sonra müəyyən problemlər var ki, 1-2 ay ərzində həllini tapacaq.

- Axı, bu, mümkün deyil! Siz tələblərə tam cavab verən klub yaratmalısınız ki, bundan sonra lisenziya əldə edəsiz. Bu, AFFA-nın kaprizi deyil, assosiasiyanın da öhdəlikləri var...
- Hər şey maliyyənin başındadı. Problem də stadionla bağlıdı. Misal kimi “Zirə”yə baxaq. Ötən mövsüm klubun lisenziyanın tələblərinə uyğun olaraq, aşağı yaş qrupları üzrə komandaları yox idi. Dİgər həll olunmayan problemləri var idi. Ancaq onlara güzəşt edildi.

- Amma stadionu var idi. Futbolda ki, stadionda oynanılır...
- Bizim meydançayla bağlı problemimiz yoxdu. Sadəcə, paltardəyişmə otaqları tikilməlidi, bir də tribunalar tələb olunan standartlara cavab verən hala gətirilməlidi.

- Demirik ki, əcnəbi futbolçular azərbaycanlılardan artıqdı. Ancaq misal olaraq, soruşmaq istəyirəm: UEFA Kubokunu başı üzərinə qaldırmış Aleksey Qay, Avropa meydançalarında xarüqələr yaratmış Reynaldo Silvanı hazırki paltardəyişmə otağınızda necə təsəvvür edirsiniz?
- Siz bizə çıxış yolunu göstərin, biz də edək.

- Müvəqqəti olaraq, hansısa stadionu icarəyə götürmək və ev oyunlarda orda keçirmək. Bundan sonra lisenziya problemi avtomatik həllini tapır və bir neçə ay ərzində Neftçaladakı stadionu tələblərə cavab verən hala gətirirsiniz...
- Bəli, elə də etməyi planlaşdırırıq.

- Amma yığıncaqda bunu səsləndirmədiniz...
- ...

- Aşağı yaş qrupu üzrə komandalarınızın tam tələblərə uyğun sayda olmaması da lisenziya ilə bağlı problemləriniz sırasındadı.
- Bu, qısa zamanda həll olunan problemdi. 

- Ancaq stadiondan savayı da lisenziya ilə bağlı daha bir probleminiz mövcuddu.
- Bəli, daha bir məsələ qalır. Ancaq bu, daxili işimizdi. İnşallah, bütün məsələləri həll edərik və AFFA rəsmən bütün meyarlara cavab verdiyimizi sizlərə bildirər.

- Razılaşa bilmirəm. Çünki ötən il komandanız 1-ci divizionun çempionu olduqdan sonra saytımıza verdiyiniz müsahibədə klubunuzun bütün lisenziya tələblərini yerinə yetirdiyini bildirmişdiniz. Buna qarşılıq olaraq, Lisenziyalaşdırma qrupunun rəhbərinə zəng etdik və o, bunun heç də həqiqətə uyğun olmadığını söylədi. Soruşduqda ki, konkret hansı tələblərə cavab vermirsiniz, o, çatışmazlıqlar haqda mediaya məlumat vermək hüququnun olmadığını dilə gətirdi və tövsiyə etdi ki, yenidən “Neftçala” rəsmiləri ilə əlaqə saxlayaq. İndi də Siz yenə də problemin nədən qaynaqlandığını söyləmirsiniz. Sabah da deyəksiniz ki, həll etdik. Bəs, nəyi həll etdiniz? Axı, bunu indi deməlisiniz ki, sabah da AFFA klubunuza qarşı qərəzli mövqe tutacağı təqdirdə, assosiasiyadan hesabat tələb edə bilək.
- Sizi başa düşürəm. Səsləndirdiyiniz fikirlər doğrudu. Ancaq bəzi problemlər var ki, klubun öz içində həll olunası məsələlərdi. Hazırda bu problemləri aradan qaldırmaqla məşğuluq. Bunu mediaya açıqlamaq niyyətində deyilik. Başlıca problem stadionla bağlıdı ki, bunu da yaxın zamanlarda hansısa stadionu icarəyə götürməklə həll edəcəyik.

- Və son sual. İcarəyə götürəcəyiniz stadion paytaxtda yerləşəcək?
- Bəli, çünki ətrafdakı stadionların durumu heç də Neftçaladakından yaxşı deyil.