"Uzun səfərdir. Sabahkı oyuna ciddi hazırlıq gedir. Bütün turnirlər bizim üçün önəmlidir. Bu kimi oyunlara hazırıq.”
Bunu İngiltərənin "Arsenal” komandasının baş məşqçisi Unai Emeri Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la səfər oyunundan öncə deyib.
İspaniyalı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Bəzi futbolçular Bakıya gəlməyib. Onların arasında Henrix Mxitaryan da var. Bu, "Arsenal”ın Bakıda 60 min azarkeş qarşısında oynaması ilə bağlıdır?
- Xeyr, o bura gələ bilməzdi. Biz bu görüşə əqli, mental olaraq hazır futbolçularla gəlmişik.
- Mxitaryanın gəlməməsi özünün qərarıdır?
- Mxitaryan birinci və ikinci günləri xəstə idi.
- Bəs Aron Remzi?
- Onun qız övladı dünyaya gələcək. Bu səbəbdən Bakıya gətirməmişik.
- Petr Çex zədələnəndən sonra Berd Lenoya şans verəcəksiniz, yoxsa 3-cü qapıçıya?
- Biz qrupda birinci yeri tutmaq istəyirik. Böyük ehtimalla, Berd Leno meydana çıxacaq.
- “Qarabağ”ın “Arsenal”dan xal alması sizi təəccübləndirəcək?
- “Qarabağ” “Sportinq”ə qarşı çox yaxşı başladı. Oyunlarında müsbət məqamlar vardı. Ötən mövsüm “Atletiko” bu komandaya qalib gələ bilmədiyi üçün mübarizəni dayandırdı. Öz oyunumuz haqqında düşünürük.
- Mxitaryanın Bakıya gəlməməsi Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlıdır. Bu münaqişə barədə xəbəriniz var?
- Mənim işim futboldur, siyasi məsələlərə qarışmıram. Bütün ölkələrə və insanlara hörmətim var. Bayaq da dedim, istənilən halda, Mxitaryan Bakıda oynaya bilməyəcəkdi.
- Avropa Liqasının finalı da Bakıda olacaq. Mxitaryan həmin oyuna da gələ bilməyəcək...
- Finala çıxmağa yol uzundur. İndiki məqsədimiz sabahkı oyuna hazırlaşmaqdır.
- Çempionatda “Fulhem”lə oyunun vaxtının bir gün irəli çəkilməsini istərdiniz?
- Üç gün ərzində oyunlar olanda komandanın fiziki və əqli problemlər olur. Amma karyeramda belə hallar çox olub. Məndən olsa, bir gün artıq istirahət edərdik. Lakin bu cür məsələlərə müdaxilə etmirəm.
Foto: Firi Salim