"Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb
Türkiyənin "Qalatasaray" klubu yenidən UEFA-nın nəzarəti altına düşüb.
Bu, klub tərəfindən maliyyə "fair-pley"i qaydalarının pozulma ehtimalları ilə bağlıdır. Avropa futbol qurumunun "sarı-qırmızılar"ı yenidən hərətərəfli təftiş edəcəyi bildirilir. Çempionlar Liqası və Avropa Liqası iştirakçılarının futbolla bağlı itkisiz biznesə can atmalarının vacibliyi vurğulanır.
"Qalatasaray" hələ iyunda "fair-pley" qaydasını pozduğu üçün sanksiyaya məruz qalıb. Türkiyə təmsilçisinin qarşısına 2021-2022 mövsümünədək monitorinq dövründə tam itkisiz vəziyyətə çatması tələbi qoyulub. İstanbul komandasının bu dövrdə avrokuboklar üçün iştirak ərizəsi məhdudlaşdırılıb. Bundan başqa klub, 15 milyon avro cərimə ödəməlidir ki, bunun 9 milyon avrosu şərtidir.
Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında Portuqaliyanın "Portu", Rusiyanın "Lokomotiv" və Almaniyanın "Şalke" klubları ilə eyni qrupda yer alıb.