“Trabzonspor” azarkeşləri Ramil Şeydayevdən razıdı
Gələn həftəsonu start götürəcək Türkiyə Superliqasına hazırlığını davam etdirən “Trabzonspor”da üzlər gülür. Olimpsport.az saytının məlumatına görə, Qara dəniz təmsilçisinin yay fasiləsindəki transfer fəaliyyəti azarkeşləri xeyli ümidləndirib.
Xüsusən də, hücum xəttinə cəlb edilən futbolçular fanatların ürəyincə olub. “Bordo-mavili” azarkeşlər Fabian Kastilyo, Hyuk-Yun Suk və Azərbaycan millisinin üzvü Ramil Şeydayevin transferinə görə klub rəhbərliyinə təşəkkür ediblər.
Hücumda alternativlərin çox olması isə baş məşqçi Ərsun Yanalı çətin vəziyyətə salıb. Təcrübəli mütəxəssis gələn mövsüm çempionluq uğrunda mübarizə aparacaqlarını və bu yolda qolçuların yüksək performansına ehtiyac duyacaqlarını söyləyib: “Kastilyo, Suk və Şeydayevin gəlişi ilə hücum xəttində rəqabət artdı. Yeni transferlərin yoldaşlıq görüşlərində özlərini yaxşı tərəfdən göstərmələri məni çox sevindirir. Yeni mövsüm öncəsi ön xətdə kimə şans verəcəyimi indidən deyə bilmərəm. Çünki hücumçularımız yaxşı formadadılar və aralarında gözəl rəqabət var. Bu da komandamızın ancaq xeyrinədi”.
Qeyd edək ki, “Trabonspor” mövsümlərarası fasilədə əcnəbi oyunçulardan Serge Akakpo, Yan Duritsa, Luis İbanyez, Ogeni Onazi, Matus Bero, Fabian Kastilyo, Hyun-Jun Suk və Ramil Şeydayevi heyətinə cəlb edib.(Apasport)