Avropa Liqasının finalına görə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib
Bakıda 2019-cu ildə keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatlarının vaxtı dəyişdirilib.
Bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirilir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsidir.
Bədii gimnastika üzrə Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi mayın 31-dən iyunun 2-dək deyil, mayın 16-19-da təşkil olunacaq. Aerobika üzrə yarışlar isə mayın 24-26-da keçiriləcək. Daha əvvəl yarış mayın 23-25-nə təyin olunmuşdu.
Qeyd edək ki, 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin avqustunda (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.